×
A
A
A
Sazlamalar

Xudat şəhərində abidə-bulaq kompleksi tikilib

Xaçmaz, 24 iyun, Elxan Yusifli, AZƏRTAC

26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Xaçmaz rayonunun Xudat şəhərində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kompleksdə Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirə lövhələri yerləşdirilib. Müasir memarlıq üslubunda tikilən kompleksin ərazisində dekorativ ağaclar əkilib, oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb.
Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, şəhidlərin ailə üzvləri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mərasimdə yerli şairlərin və məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

 

Regionlar 2022-06-24 16:51:00