×
A
A
A
Sazlamalar

Müasir suvarma sistemləri, çoxfunksiyalı dronlar, innovativ məhsul və texnologiyalar - Ağstafada Aqrar İnnovasiya Festivalından reportaj VİDEO

Ağstafa, 24 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafa rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib. Aqrar Sənaye Kompleksində keçirilən festivalda Elmi-Tədqiqat institutlarının mütəxəssisləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə festival çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təşəbbüsü ilə “İxraca hazırlıq diaqnostikası, brendləşmə və məhsul strategiyasının hazırlanması” təlimi və “Peyk sistemi əsasında nəqliyyatın monitorinqi” mövzularında məlumat sessiyaları keçirilib. Ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərin mütəxəssisləri öz uğurlu təcrübələrini, eləcə də təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları panel müzakirəsində bölüşüblər.
Daha sonra aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən festivalda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin innovativ məhsul və texnologiyalarını nümayiş etdiriblər.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov bildirib ki, bu festivalların əsas məqsədi ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların təşviqini və tətbiqini artırmaqdır. “Hazırda festivalda bir çox şirkətlərin ən son texnologiyaları, o cümlədən suvarma-becərmə texnologiyaları, bitki mühafizəsi, PUA-lar nümayiş olunur. Həmçinin Kənd Təsərrüfat Nazirliyinin 7 elmi-tədqiqat institutunun ən son elmi nailiyyətləri də nümayiş etdirilir”, – deyə Ə.Abbasov vurğulayıb.
Ağstafada keçirilən İnnovasiya festivalı sayca 9-cudur. Bundan əvvəl Quba, Ucar, Füzuli, Lənkəran, Şəki və digər rayonlarda keçirilib.
Ağstafa Aqrar Sənaye Kompleksinin icraçı direktoru Anar Orucov qeyd edib ki festivala Ağstafa ilə yanaşı, yaxın rayonlardan 630 fermer dəvət olunub və tədbirdə iştirak edirlər: “Bundan əlavə, tədbirə başqa rayonlardan da qatılan fermerlər var. Festivalın məqsədi ondan ibarətdir ki, fermerlər innovativ texnologiyalarla tanış olsunlar. Bu texnologiyaların tətbiqi ölkənin qida təhlükəsizliyinin təmin olunmasında mühüm amildir”.
Həmçinin festivalda uğurla tətbiq olunan bir sıra layihələrin təqdimatı da keçirilib.

 

Kənd təsərrüfatı 2022-06-24 16:47:00

Video