×
A
A
A
Sazlamalar

“Nuh diyarı – Naxçıvan” infoturunun iştirakçıları füsunkar təbiətə malik Şahbuz rayonunda olublar

Şahbuz, 24 iyun, Rauf Kəngərli, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə təşkil edilən “Nuh diyarı – Naxçıvan” infoturunun iştirakçıları muxtar respublikanın füsunkar təbiətə malik Şahbuz rayonunda olublar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaqlar əvvəlcə Batabat yaylağının əsrarəngiz təbiət gözəlliklərini heyranlıqla izləyiblər. Məlumat verilib ki, Batabat yaylağı Zəngəzur Milli Parkının ərazisində yerləşir. Xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Zəngəzur Milli Parkında nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri qorunub saxlanılır. Muxtar respublika ərazisində 110 növ ali və nadir bitkidən 77 növü milli parkın ərazisində yerləşir. Burada adı “Qırmızı kitab”a daxil edilmiş flora və fauna nümunələrinə rast gəlinir.
Qeyd olunub ki, Batabatda 2 min 899 bitki növü yayılıb. Bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə yayılmasına imkan verib. Ərazi geoloji cəhətdən Tabaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və allüvial relyef formaları ilə səciyyələnir. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.
İnfotur iştirakçıları Batabat yaylağındakı göllər ilə də yaxından maraqlanıb. Diqqətə çatdırılıb ki, bu hidroloji abidələr eyniadlı 3 su hövzəsindən ibarətdir. Ümumi su tutumu, təqribən, 3 milyon kubmetrdir. Məşhur “Üzən ada”, Zorbulaq da burada yerləşir. Üzən ada sfaqnum mamırlarından və onun üzərində bitən örtüklərdən formalaşıb. Küləyin istiqamətindən asılı olaraq “ada” öz yerini dəyişir. Qonaqlar Zorbulağa gəlib, Batabat gölünə maraqla baxıblar.
Muxtar respublikanın gözəl turizm və istirahət guşəsi olan Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə səfər də yaddaqalan olub. Bildirilib ki, Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb, Ali Məclis Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb. 2021-ci il fevralın 17-də Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşməsi, qış aylarında qar ehtiyatının çox olması və dağ-xizək mərkəzi üçün müvafiq landşafta malik olması qış turizmi üçün geniş imkanlar açır.
İnfotur iştirakçıları Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən sərgi-satış ilə tanış olub, hədiyyəlik əl işləri alıblar. Qonaqlar istedadlı qadınların hazırladıqları müxtəlif adda əl işləri ilə maraqlanıblar. Burada toxuma, tikmə, dekorativ iş, təbii və yerli daşlardan bəzək əşyaları, gipsdən, duzdan əl işi, xalça, mis üzərində döymə, taxta üzərində yandırma, taxta üzərində oyma, dekorativ tablo, tikmə tablo olmaqla, ümumilikdə, 47 qadının 2000-dən artıq əl işi sərgilənib. Tur iştirakçıları əsasən yerli daşlardan bəzək əşyaları, duzla iş və dekorativ işlərə daha çox maraq göstəriblər. Sərgidə 21 qadının 62 adda əl işi satılıb.
Qonaqlar Ağbulaqdan xoş təəssüratlarla ayrılıblar.

 

Regionlar 2022-06-24 16:34:00