×
A
A
A
Sazlamalar

Şəkidə regional konfransda oftalmologiya sahəsindəki aktual məsələlər müzakirə olunub

Şəki, 24 iyun, Mustafa Dadaşov, AZƏRTAC

İyunun 24-də Şəkidə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə “Azərbaycanın regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda IX Regional konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Marxal” otelində keçirilən tədbiri Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elmar Qasımov açaraq, konfransın məqsədinin oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin də iştirakını təmin etmək və onların bu yeniliklərdən istifadə etməsinə dəstək vermək olduğunu diqqətə çatdırıb.
Konfrans iştirakçılarını Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəaliyyətinin bərpa edilməsinin 5 illik yubileyi münasibətilə təbrik edən Elmar Qasımov Cəmiyyətin oftalmologiya elminin inkişafında, əhalinin yüksək səviyyədə oftalmoloji xidmətlə təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, bu xidmətlər yalnız paytaxt Bakı şəhəri ilə məhdudlaşmır, regionları da əhatə edir. Mərkəzin direktoru bildirib ki, Azərbaycan son illər oftalmologiya sahəsində çox sürətlə inkişaf edərək, ən yüksək zirvələrə gəlib çatıb.
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 5 illik fəaliyyəti və gələcək planları” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Milli Oftalmologiya Mərkəzinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin son illər əldə etdiyi nailiyyətlərdən, əməkdaşların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakından, qazandıqları uğurlardan geniş bəhs olunub.
Əhalinin sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyətinə görə professorlar Paşa Qəlbinur və Kərəm Kərimova, həmçinin Xəlil Hüseynov, Samir İbadov, Emin Əlihüseynli, Xalid Əliyev, Lalə Məmmədova və digər oftalmoloqlara Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəxri fərmanları təqdim edilib.
Konfrans sonra işini elmi məruzələrlə davam etdirib. Tədbirdə tibb üzrə fəlsəfə doktoru Nigar Həsənova “Şəki-Zaqatala iqtisadi rayonunda pediatrik patologiyaya dair”, Gülnarə Məmmədova “Şəki rayonunda oftalmoloji xidmətin dünəni və bu günü”, Faiq Quliyev “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının fəaliyyətinə dair”, Cəmil Həsənov “Azərbaycanda buynuz qişanın transplantasiyasına səbəb olan patoloji hallar”, Lalə Məmmədova “Bizim Şəki şəhərində çəpgözlük ilə olan müşahidələrimiz və müalicələrimiz”, tibb üzrə fəlsəfə doktoru Xalid Əliyev “Torlu qişa xəstəliklərində optik koherent tomoqrafiya müayinəsinin əhəmiyyəti”, Vüqar Abdullayev “2020-2022-ci illər ərzində Şəki Rayon Mərkəzi Xəstəxanasına görmə orqanı zədələri ilə olan müraciətlərin klinik-statistik analizi”, Samir İbadov “Qlaukoma patologiyasının diqqətə layiq klinik halları”, tibb elmləri doktoru Tofiq Mehdiyev “Diabet retinopatiyalarının aşkarlanması” mövzularında məruzələrlə çıxış ediblər.
Həmçinin “Şəki-Zaqatala iqtisadi rayonu əhalisinin oftalmoloji yardıma olan tələbatı”, “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin WETLAB kursunun oftalmoloqların təkmilləşdirilməsində rolu”, “Şəki rayonunda daha çox rast gəlinən göz dibi patologiyasına dair” və digər mövzularda məruzələr dinlənilib.

 

Regionlar 2022-06-24 16:19:00