×
A
A
A
Sazlamalar

Biçilmiş taxıl sahəsinin yandırılmasına görə fermer məsuliyyət daşıyır VİDEO

Xaçmaz, 24 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 24-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Xaçmaz rayonu Əbilyatağı kəndi ərazisində yerləşən taxıl sahəsində - açıq havada "Yay mövsümündə dənli bitkilərin tədarükü ilə bağlı yanğın təhlükəsizliyinə həsr olunmuş tədbirlər" mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Aqşin Kazımov bildirib ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı, meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin ümdə vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur. Bildirilib ki, biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.
Fermerlərin diqqətinə çatdırılıb ki, məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməli, kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda şum traktorları da qığılcımsöndürənlərlə təmin edilməlidir. Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədilə kapotsuz və ya kapotu açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.


Regionlar 2022-06-24 14:55:00

Video