×
A
A
A
Sazlamalar

Ordubadın qədimliyi və müasirliyi infotur iştirakçılarında dərin təəssüratlar yaradıb

Ordubad, 24 iyun, Rauf Kəngərli, AZƏRTAC

“Nuh diyarı – Naxçıvan” infoturun iştirakçıları muxtar respublikanın bir sıra gəzməli-görməli yerləri, tarixi abidələri, mədəniyyət müəssisələri ilə tanış olublar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun və Turizm assosiasiyalarının, ölkəmizin, Türkiyənin və İranın media nümayəndələri əvvəlcə Ordubad rayona gəliblər. Qədim Qeysəriyyə binasında yerləşən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində qonaqlara məlumat verilib ki, muzey 1982-ci ildə Ordubad şəhərində yerləşən Came məscidində fəaliyyətə başlayıb. Mədəniyyət müəssisəsi öz fəaliyyətini 1990-cı ilin may ayından etibarən XVII əsrə aid tarix-memarlıq abidəsi olan Qeysəriyyə binasında davam etdirir. 2011-ci ildə muzeyin yerləşdiyi Qeysəriyyə binası əsaslı şəkildə bərpa olunub. 150 ədəd eksponatla fəaliyyətə başlayan tarix-diyarşünaslıq muzeyində hazırda 4300-dən çox eksponat mühafizə və nümayiş edilir.
İnfotur iştirakçıları Ordubad şəhərinin qədim məhəllələri ilə də tanış olublar. Bildirilib ki, Ordubad həm də Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Ordubad tarixi şəhər kimi 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib. Bu şəhər tarixi binaları, muzeyləri, nəhəng Ordubad çinarları, qədim meydanları ilə tanınır. Burada Sərşəhər (Şəşəri), Ambaras, Mingis, Kürdatal (mərkəz), Üçtürləngə kimi qədim məhəllələr, hər məhəllənin meydanı, məscidi, çeşməsi var. Xüsusi cizgiləri ilə seçilən və əhalinin adət-ənənələrini özündə əks etdirən, rəngarəng və özünəməxsus olan yaşayış evləri, materialı cəviz və digər meyvə ağaclarından olan “taqqılbab” və “zəncirbab” qapılar, qədim şəbəkə sənətinin izlərini özündə yaşadan məscidlər, yaşı min illərlə ölçülən, tarixə şahidlik edən çinarlar qonaqların şəhəri tanımaq marağını daha da artırır. Təsadüfi deyil ki, XX əsrin əvvəllərində bölgəni ziyarət etmiş səyyah Nefodov yazmışdı: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”.
Bərpası davam etdirilən qədim Cümə məscidi də qonaqların marağına səbəb olub. Məlumat verilib ki, muxtar respublikada tarixi-mədəni irsimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunması və təbliğinə yönəldilən tədbirlər diyarımızda həyata keçirilən tikinti-quruculuq və təmir-bərpa işlərinin tərkib hissəsinə çevrilib. Bu istiqamətdə həyata keçirilən belə tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Ordubad şəhərindəki Cümə məscidi bərpa edilir. Ötən müddət ərzində muxtar respublika rəhbəri bir neçə dəfə inşaat meydançasında olub, dəyərli tövsiyələrini verib. Şəhərin mərkəzi meydanında ucalan məsciddə bərpa işləri zamanı ibadət ocağının memarlıq quruluşu saxlanılaraq dindarlar üçün lazımi şərait yaradılır. Sahəsi 890 kvadratmetr olan məsciddə axund otağı, qadın və kişi ibadət zalları və digər otaqlar yerləşəcək. Məscidin həyətində də geniş abadlıq işləri aparılmaqdadır. Qədim abidədə fasad divarlarının və binadaxili divarların yenilənməsi, məscidin dam örtüyünün yenidən qurulması, ətrafdakı tikililərin təmir-bərpa edilməsi başa çatdırılıb. Təmir-bərpa prosesində milli və dini memarlıq elementlərindən istifadə edilərək binanın tarixiliyi və müasirliyi vəhdət şəklində gözlənilir.
Ordubad rayonunun Anaqut kəndində yerləşən “Xan Çinar” İstirahət Mərkəzinə gələn infotur iştirakçıları burada yaradılan şəraitlə maraqlanıblar. Diqqətə çatdırılıb ki, bu istifadəyə verilən “Xan Çinar” İstirahət Mərkəzinin sahəsi 30 min kvadratmetrdir. Mərkəzdə istirahətin səmərəli təşkili üçün ikimərtəbəli kortejlər, uşaqların istirahətlərini mənalı keçirmələri üçün attraksionlar, istirahət guşələri, kupelər və restoran vardır. 1230 kvadratmetr ərazidə mərkəz üçün 9 ədəd 2 mərtəbəli kortejlər, qonaqların istirahəti üçün 220 yerlik söhbətgah, hər biri 10 nəfərlik olmaqla 4 kupe, 40 yerlik restoran, mətbəx, attraksion, mağaza, iş otağı və digər köməkçi sahələr var. Mərkəzdə işıqlandırma sistemi, təhlükəsizlik kameraları, “WiFi”, daxili rabitə quraşdırılıb, ərazi abadlaşdırılıb.
İnfotur iştirakçıları Ordubaddan dərin təəssüratlarla ayrılıblar.

 

 

Regionlar 2022-06-24 14:12:00