×
A
A
A
Sazlamalar

“Əlvida, cənub şəhəri” filmində rol alan Timur Bədəlbəyli Bakıya gəlib VİDEO

Bakı, 24 iyun, Məmməd Məmmədli, AZƏRTAC

Bakı Kitab Mərkəzində “Uzaq yaxın bizimkilər” layihəsi çərçivəsində aktyor, rejissor, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Əməkdar artisti Timur Bədəlbəyli ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Timur Bədəlbəyli jurnalistlərə verdiyi müsahibədə Rusiyada aktyorluq fəaliyyətindən danışıb və Bakı səfərinin məqsədini açıqlayıb.
Rusiyada boya başa çatan aktyor qeyd edib ki, həyatının bir hissəsi Bakı ilə bağlıdır. Rusiyada fəaliyyət göstərməsinə baxmayaraq bir neçə dəfə filmlərə çəkilmək üçün Bakıya dəvət edilib. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən “Əlvida, cənub şəhəri” filmində rol alıb, bir neçə mükafatlara layiq görülüb.
Rusiyada bir neçə filmlərdə çəkildiyini deyən Timur Bədəlbəyli bildirib ki, hazırda “NTV”də hərbi-əkşn janrında “Balta” və “Ölmək əmri verilməyib”, “Rusiyanın Birinci kanalı”nda isə baş rolda çəkildiyi “Qisas mələyi” filmləri nümayiş olunur.
İndi “Taqanka” teatrından uzaqlaşdığını deyən aktyor özünü teatr rejissorluğunda sınamaq istədiyini və daha çox film təkliflərinə razılıq verdiyini söyləyib. Bildirib ki, teatrlar transformasiya dövrünü yaşayır, stasionar, repertuarını nazirliyin tərtib etdiyi proqrama əsasən quran teatrlar dəyişir.
Bildirib ki, o, paytaxtımıza Mədəniyyət Nazirliyinin dəvəti ilə gəlib. Bakı Kitab Mərkəzində görüşündən əvvəl YARAT Müasir İncəsənət Məkanında tamaşaçılarla yaradıcılıq gecəsində olub, aktyorluq və rejissorluq üzrə ustad dərsləri verib. Qeyd edib ki, iki saatlıq görüş onun üçün pozitiv keçib.
Azərbaycanda son zamanlar filmlərin az çəkildiyini deyən aktyor bildirib ki, Kino Agentliyinin yaradılmasından sonra Azərbaycanda kinematoqrafiya inkişaf edəcək.
Özünü daha çox teatr rejissoru kimi görən Timur Bədəlbəyli bildirib ki, yaxın gələcəkdə Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlığa başlayacaq: “Mən daha çox klassik əsərlərə quruluş vermək istərdim. Müasir müəlliflər məni o qədər də cəlb etmir. Rusiyadakı “Taqanka” teatrında həmişə klassik tamaşalarda rol almışam, Şekspir, Dostoyevski kimi dahilərin əsərlərini səhnələşdirmişik. Müasirlərdən ancaq Aleksandr Soljenitsının adını çəkə bilərəm. Başqa sözlə təsadüfi adlara müraciət etməmişik. Mədəniyyət Nazirliyinə quruluş verdiyimiz əsərlərdən bir neçəsini təklif etdim. Ümid edirəm yaxın gələcəkdə bir razılığa gələcəyik”.
Tamaşaçılarla görüşdə Timur Bədəlbəyli əvvəlcə gitarada Rusiyanın görkəmli aktyor və bəstəkarı Vladimir Vısotskinin repertuarından mahnılar oxuyub. Poeziyaya yer verən aktyor yazdığı “Gözlənilməz çıxış”, “Səninlə Arbatiyaya getmək istəyirəm” şeirlərini səsləndirib. Sonra Mixail Bulqakovun “Master və Marqarita” əsərinin eyniadlı tamaşasından “Korovyev” obrazını canlandıraraq monoloq ifa edib.
Aktyor, həmçinin öz qeydlərində Bakının xarakterini əks etdirib. Bildirib ki, təyyarənin illüminatorunda olduğu kimi burada da Şərqlə Qərb birləşir.
Sonda Timur Bədəlbəyli tamaşaçıların suallarını cavablandırıb. Bildirib ki, hələ bağça yaşlarından aktyor olmağı arzulayıb. Daima axtarışda olduğunu deyən aktyor obraz yaratmaq üçün güzgüdə özünə baxaraq rola girdiyini deyib.

Mədəniyyət 2022-06-24 01:32:00

Video