×
A
A
A
Sazlamalar

Nurlan Həsənov: Prezident İlham Əliyev qardaş Özbəkistanla münasibətlərin, işbirliyinin hər sahədə inkişafına önəm verir

Bakı, 23 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin Özbəkistana son səfəri və imzalanan Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında Bəyannamə yaxın gələcəkdə qardaşlıq münasibətlərinin daha da inkişafı üçün yeni hüquqi çərçivə yaradır. Bu səfər ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da gücləndiriləcəyinə işarədir. Prezident İlham Əliyev qardaş Özbəkistanla əlaqələrin, işbirliyinin hər sahədə inkişafına önəm verir, xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi və ortaq dəyərlərin qorunması üçün siyasi iradə nümayiş etdirir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.
O bildirib ki, Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və ölkəmiz bunu çox yüksək qiymətləndirir. Xüsusilə torpaqlarımız işğaldan azad edildikdən sonra Füzuli şəhərində Özbəkistan tərəfindən yeni məktəbin inşası planı Azərbaycan-Özbəkistan qardaşlığının simvoluna çevrilir və qarşılıqlı münasibətlərin nə qədər səmimi olduğunu bir daha göstərir.
“Bildiyimiz kimi, Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələrin qurulması ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra mümkün olub. Artıq 25 ilə yaxındır ki, Azərbaycanın Özbəkistanda səfirliyi fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan Parlamentində Azərbaycan-Özbəkistan dostluq qrupu fəaliyyət göstərir. Son imzalanan Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında Bəyannamə gələcəkdə müxtəlif sahələrdə birgə fəaliyyətin aparılması baxımından tarixi əhəmiyyət daşıyır və dövlətlərimiz arasında iqtisadiyyat, kənd təsərrüfatı və hərbi sahədə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. İnanıram ki, bütün bunlar yaxın gələcəkdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına gətirib çıxaracaq”, - deyə deputat qeyd edib.

Siyasət 2022-06-23 22:07:00