×
A
A
A
Sazlamalar

Faiz subsidiyası mexanizminə edilmiş dəyişikliklərlə bağlı kredit təşkilatlarının nümayəndələri maarifləndirilib

Bakı, 23 iyun, AZƏRTAC

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən faiz subsidiyası mexanizminə 2022-ci ildə edilmiş dəyişikliklərlə bağlı kredit təşkilatlarının nümayəndələri üçün onlayn maarifləndirmə sessiyası keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbir minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi barədə ətraflı məlumatın verilməsi məqsədilə təşkil olunub.
Görüşdə qeyd edilib ki, mexanizm mikro, kiçik və orta sahibkarlıq subyektlərinə şamil olunur və şəkər tozu, günəbaxan yağı, marqarin, kərə yağı, un və makaron məmulatlarının istehsalı üzrə xammal tədarükü məqsədilə 2022-ci ildə alınmış kredit faizlərinin subsidiyalaşdırılmasını nəzərdə tutur. Fondun müvəkkil kredit təşkilatları siyahısına aid olub-olmamasından asılı olmayaraq, ölkədə qanuni əsaslarla fəaliyyət göstərən istənilən kredit təşkilatından qeyd olunan məqsədlə kredit əldə etmiş sahibkarlar kredit faizlərinin subsidiyaşdırılması məqsədilə SİF-ə müraciət edə bilər. Tələblərə əsasən, subsidiya əldə etmək üçün kreditin müddəti və faiz dərəcəsindən asılı olmayaraq, sahibkarların 3 milyon manatadək kreditləri subsidiyalaşdırılır. Subsidiyanın həcmi kredit faizinin 10 faiz bəndi və subsidiyalaşdırma müddəti kreditin alındığı tarixdən növbəti 12 ayadək dövrü əhatə edir.
Sonda kredit təşkilatları nümayəndələrinin sualları cavablandırılıb.

İqtisadiyyat 2022-06-23 19:16:00