×
A
A
A
Sazlamalar

Azərbaycanın parlament nümayəndə heyəti TÜRKPA-nın XI plenar sessiyasında iştirak edəcək

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti TÜRKPA-nın XI plenar sessiyasında iştirak etmək üçün Qırğız Respublikasının Çolpon-Ata şəhərinə səfər edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Ağalar Vəliyev, Cavanşir Feyziyev, Nizami Cəfərov, Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
İssık-Kul Beynəlxalq Hava Limanında nümayəndə heyətimizi Joqorku Keneşin sədr müavini Ulan Primov, ölkənin xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er və digər rəsmi şəxslər qarşılayıblar.
Keçiriləcək tədbirdə Milli Məclisin sədri çıxış edəcək, sessiyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.
Səfər iyunun 24-də başa çatacaq.

 

Xarici siyasət 2022-06-23 18:54:00