×
A
A
A
Sazlamalar

Tamam Cəfərova: Ulu Öndər özünün xilaskarlıq missiyası ilə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq

Bakı, 23 iyun, AZƏRTAC

İnkaredilməz həqiqətdir ki, Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə aparan nailiyyətlərimizin əsasında Heydər Əliyev siyasəti dayanır. Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, gücləndirilməsinə, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb, böyük tarixi nailiyyətlərə imza atıb. Ümummilli Liderin milli məzmunlu, bəşəri xarakterli fəaliyyəti bir dövrü deyil, bir-birindən siyasi və ideoloji cəhətdən kəskin fərqlənən iki mərhələni - həm sovet hakimiyyəti, həm də müstəqillik illərini əhatə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib.
Deputat bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev dövrü quruculuq missiyası ilə bərabər, həm də xilaskarlıq missiyası ilə xarakterik və əlamətdardır. Azərbaycan iqtisadi tənəzzül, siyasi xaos, regional təcrid şəraitində və vəziyyətində olarkən - 1993-cü ilin məlum iyun hadisələri zamanı xalqımız Ulu Öndərə ölkəmizin xilası və tərəqqisi naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmişdi. Siyasi tariximizin çətin, mürəkkəb, keşməkeşli və qeyri-müəyyən dövründə - inamın azaldığı, ümidlərin tükəndiyi, vəziyyətin durmadan ağırlaşdığı və kəskinləşdiyi bir vaxtda o zamankı hakimiyyət nümayəndələri də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuşdular. Ümummilli Lider həmin dövrdə Azərbaycanın böyük təhlükə qarşısında olduğunu qeyd edərək Azərbaycanın müstəqil olmasını bəzi qüvvələri narahat etdiyini vurğulamışdı: “Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı". Ümummilli Lider isə dövləti, dövlətçiliyi xilas, xalqın rifahını, məmləkətin gələcəyini təmin etmək, Azərbaycan üçün aydın və parlaq perspektivlər yaratmaq naminə növbəti dəfə tarixi-siyasi məsuliyyəti öz üzərinə götürməkdən çəkinmədi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı.
“1993-cü il, iyunun 15-də Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev xalq qarşısında öz tarixi missiyasını açıqlayaraq ölkənin bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk etdiyini və ali sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özü üçün əsas vəzifələrdən biri hesab etdiyini bildirdi. Ulu Öndər xalqın qarşısında söz verdi: “Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.
Ulu Öndər 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək ali sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Heydər Əliyevin rəhbərliyi ilə qanunvericilik fəaliyyətinə yeni nəfəs və demokratik ənənələr gətirildi, ölkə həyatının bir çox sahələrinə həsr olunmuş mütərəqqi qanunlar qəbul olundu”, - deyə T.Cəfərova qeyd edib.
Deputat bildirib ki, Heydər Əliyev cəmi 4 ay parlamentin sədri vəzifəsində çalışsa da, qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Deputat deyib: “1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verərək ölkənin taleyini yenidən bu görkəmli dövlət xadiminə həvalə etdi. Bununla da Azərbaycan öz dövlətçilik tarixinin yeni və şərəfli bir erasına daxil oldu. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirdi. Məhz Ulu Öndərin xidmətləri sayəsində dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi”.
T.Cəfərova vurğulayıb ki, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə Azərbaycan xalqının yaddaşında qurucu və müdrik dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Siyasət 2022-06-23 17:25:00