×
A
A
A
Sazlamalar

Milli Kitabxana “Kitabxanalar ictimai yaddaş institutları kimi” adlı dəyirmi masada iştirak edib

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası “Kitabxanalar ictimai yaddaş institutları kimi” mövzusunda onlayn dəyirmi masa təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, iclasın moderatoru Xarici Ədəbiyyat Kitabxanasının baş direktorunun müşaviri, V.V.Mayakovski adına Mərkəzi Dövlət Kütləvi Kitabxanasının elmi katibi və Beynəlxalq Əməkdaşlıq Bölməsinin, İdarə Heyətinin üzvü və sədri Svetlana Anatolyevna Qoroxova olub.
Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun videoçıxışı təqdim olunub. Direktor qeyd edib ki, Milli Kitabxana 2020-ci ildə 2 cildlik “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” adlı Azərbaycan və rus dillərində fundamental biblioqrafiya hazırlayaraq nəşr edib.
Bildirib ki, Azərbaycan Milli Kitabxanasının Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə tərtib etdiyi “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” biblioqrafiyası geniş material bazasına malik olduğu üçün iki kitabda nəşr olunması qərara alınıb. Kitablar Azərbaycan və rus dillərində ədəbiyyatı əhatə edir. Azərbaycan dilində materialları əhatə edən 1-ci kitabda mövzu üzrə zəngin material toplanıb. Biblioqrafik göstəricidə müharibə zamanında və sonrakı illərdə dərc edilmiş materiallar ayrı-ayrı mövzular üzrə qruplaşdırılıb, müharibə illərində respublikanın fəaliyyəti və Qələbənin qazanılmasında nəhəng xidmətinin salnaməsi tərtib edilib. Biblioqrafik göstəricinin 2-ci hissəsi rus dilində nəşr olunub.
Bundan əlavə, professor K.Tahirov müəllifi olduğu və faşizm üzərində tarixi Qələbənin qazanılmasında Vətən oğullarının rolundan bəhs edən “Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində: 1941-1945-ci illər” adlı kitabının da dərc edildiyini, Milli Kitabxananın əməkdaşları tərəfindən Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş virtual sərginin və “Böyük Qələbə” adlı Elektron məlumat bazasının hazırlandığını iştirakçıların diqqətinə çatdırıb.
Dəyirmi masada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova çıxış edərək Azərbaycan xalqının İkinci Dünya müharibəsi illərində ön və arxa cəbhədə göstərdiyi fəaliyyətindən bəhs edib.
Sonra Azərbaycan Milli Kitabxanasının əməkdaşı Pərvanə Qurbanova Milli Kitabxananın fondundan hazırlanan resursları iştirakçılara təqdim edib. O, Azərbaycanın Böyük Vətən müharibəsində iştirakı, eləcə də kitabxananın həmin dövrlərdəki fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib. Böyük Vətən müharibəsinin iştirakçısı və qəhrəmanı olmuş 7 Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanları, onların keçdiyi döyüş yolu, qazandıqları uğurlar haqqında danışıb.
Tədbirdə A.S.Puşkin adına kitabxananın əməkdaşları qəhrəman Azərbaycan oğullarının Böyük Vətən müharibəsində göstərdikləri şücaətdən bəhs edən təqdimat ediblər.
Sonda dəyirmi masanın nəticələri, iştirakçıların fikirləri və gələcək əməkdaşlıq sahələrinin müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb və xatirə şəkili çəkilib.

Mədəniyyət 2022-06-23 17:26:00