Lənkəran və Astaradan olan şagirdlər üçün “Yay məktəbi” təşkil edilib
Lənkəran, 23 iyun, İ.Cəfərli, AZƏRTAC
İyunun 23-də Təhsil Nazirliyi, Lənkəran Peşə Liseyi və “Carnaval” otelin dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Lənkəran məktəblilərinin yay festivalı keçirilib.
“Yay məktəbi” layihəsi çərçivəsində reallaşan festival Lənkəran Peşə Liseyinin "Peşə vadisi" və “Carnaval” otelinin ərazisində təşkil olunub.
Festivalda Lənkəran və Astara üzrə ümumtəhsil məktəblərindən 1000-ə yaxın şagird, valideyn və müəllimlər, eyni zamanda, bölgənin ölkə üzrə nüfuzlu ziyalıları, təhsil işçiləri, millət vəkilləri və ictimai xadimlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, festivalda çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov iştirakçıları salamlayaraq festivalın təşkilində əsas məqsədin şagirdlərin asudə vaxtının səmərəli təşkili, onların əylənərək öyrənmə bacarıqlarının formalaşdırılmasından ibarət olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən deputat Rəşad Mahmudov, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu, peşəkar təlimçi və mentor Toğrul Ələkbər, kitab blogeri Sərxan Rüstəmov şagirdlərin fərdi və peşəkar inkişafı, onlarda mütaliə bacarıqlarının formalaşdırılması ilə bağlı tövsiyələrini diqqətə çatdırıblar. Həmçinin "Teknofest Azərbaycan"da "Robototexnika" müsabiqəsi üzrə qalib olan Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri uğur hekayələrini şagirdlərlə bölüşüblər.
Daha sonra iştirakçılar festival çərçivəsində yaradılmış müxtəlif stendlərlə tanış olublar.
Stendlər sırasında Təhsil Nazirliyinin STEAM, “Rəqəmsal bacarıqlar”, "Peşə təmayüllü siniflər" layihələri çərçivəsində qurulmuş stendlər də xüsusi maraq doğurub.
Festivalda, həmçinin şagirdlər arasında bilik yarışmaları, futbol oyunları keçirilib, "Qarabağın təbii sərvətləri", "Kimya və təbiət", "Elektrik cərəyanı və işlədicilərinin distant idarəsi" mövzularında inteqrativ dərslər tədris edilib.
Eyni zamanda, peşə təmayüllü siniflərin, STEAM layihəsinin şagirdlərinin yaradıcılıq sərgisi, milli mətbəx nümunələri, rəsm və kitab sərgisi nümayiş olunub.
Abşeronda şəhid Rəhim Hüseynovun 38-ci doğum günü qeyd olunub
TDT-yə üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin Şuşada keçirilən konfransı başa çatıb
Türkiyədə müalicə alan qazimiz doğma kəndinə qayıdıb
Sabunçu rayonunun müəllimləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar
Türkiyədə təcrübə keçmiş Mingəçevir Dövlət Universitetinin səkkiz əməkdaşı ilə görüş keçirilib