×
A
A
A
Sazlamalar

Tələbələr üçün təlim: Uğurlu layihələrin yazılması və icrası

Bakı, 23 iyun, AZƏRTAC

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “Sustainera Consulting Services” şirkətinin birgə təşkilatçılığı ilə bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar üçün iyulun 4-8-də keçiriləcək “Uğurlu layihələrin yazılması və icrası” mövzusunda qısamüddətli təlim kursuna qeydiyyat davam edir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, təlim proqramında iştirak etmək istəyənlər iyunun 26-dək qeydiyyatdan keçə bilərlər. Təlim kursunun əsas məqsədi iştirakçıların peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, layihələrin hazırlanması və idarə olunması, donorlarla əlaqələrin qurulması, fandreyzinq imkanlarının artırılması və müvafiq istiqamətlərdə praktiki addımların atılmasına dair geniş məlumat təqdim etməkdən ibarətdir.
Təlim proqramı tamamilə ödənişsiz əsaslarla təşkil olunur. Proqram çərçivəsində peşəkar təlimçilər tərəfindən tədqiqat metodları və təhlil, layihə təkliflərinin hazırlanması və s. mövzular üzrə seminarlar təşkil ediləcək.
Proqram çərçivəsində keçiriləcək “layihə inkubatoru” simulyasiya məşğələsi zamanı iştirakçılar real layihə təklifi hazırlayaraq qrant müsabiqələrinə müraciət prosesinin bütün mərhələləri üzrə təcrübə qazanacaqlar. Kursu uğurla bitirənlər layihə idarəetməsi üzrə qısamüddətli təcrübə proqramına cəlb olunacaq, daha sonra müvafiq iş imkanları əldə edəcəklər.

Elm və təhsil 2022-06-23 16:34:00