×
A
A
A
Sazlamalar

Xaçmazda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

Xaçmaz, 23 iyun, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramlarla yad ediblər.
Bayram tədbirində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, məsul vəzifələrində onlara uğurlar arzulayıb. Elnur Rzayev Azərbaycanda dövlət qulluğunun formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin xüsusi xidmətlərini qeyd edib. Bildirib ki, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ölkəmizdə bu sahədə vahid dövlət siyasətinin formalaşdırılmasının əsasını qoyub. Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirilir. Bu gün respublikamızda, o cümlədən Xaçmaz rayonunda dövlət qulluğu üçün kadrların seçilməsi, yerləşdirilməsi, onların ixtisas hazırlıqlarının artırılması, attestasiyası, sosial müdafiəsi və digər məsələlər diqqət mərkəzindədir.
Yığıncaqda Prezidentin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuş Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Hülövlü İƏD üzrə nümayəndəsi Babayev Fərman Qəzənfər oğlu təbrik edilib.
Həmçinin peşə bayramı günündə 50 yaşı tamam olan Xaçmaz Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vüqar Novruzov fəxri fərmanla mükafatlandırılıb.

 

Regionlar 2022-06-23 16:33:00