×
A
A
A
Sazlamalar

Moldovada fövqəladə vəziyyət rejimi daha 45 gün uzadılıb

Bakı, 23 iyun, AZƏRTAC

Moldova parlamenti fəaliyyət müddəti iyunun 24-də başa çatan fövqəladə vəziyyət rejiminin daha 45 gün uzadılması barədə qərar qəbul edib.
AZƏRTAC Moldova mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Ukraynadakı vəziyyətlə bağlı olan qərar hakim partiyanı təmsil edən deputatların 59 səsi ilə təsdiqlənib.
“Faktlar göstərir ki, qonşu ölkədə hərbi əməliyyatlar səngimir. Moldova üçün iqtisadi, energetika, humanitar və hərbi sahələr daxil olmaqla, təhlükəsizlik sahəsində risklər qalmaqdadır. Belə bir vəziyyətdə biz fövqəladə vəziyyət rejiminin uzadılmasını məqsədəuyğun hesab edirik”, - deyə Baş nazir Natalya Qavrilitsa deputatlar qarşısındakı çıxışında bildirib.
Fövqəladə hallar komissiyası bu dövrdə təbii qazın və digər enerji daşıyıcılarının tənzimlənən istehlakını tətbiq edə biləcək, büdcədən maliyyə vəsaiti ayıracaq, KİV ilə işi koordinasiya edəcək, həmçinin digər fövqəladə tədbirlər görəcək.
Xatırladaq ki, Moldova ötən ilin sonlarından fövqəladə vəziyyət rejimi şəraitində yaşayır. Müxalifət hakim partiyanın qərarını sərt tənqid edib.

 

Dünya 2022-06-23 16:15:00