×
A
A
A
Sazlamalar

“Xızı diyarının Müşfiq zirvəsi” adlı tədbir şairin 114 illiyinə həsr olunub

Sumqayıt, 23 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Xızı rayon Mikayıl Müşfiq muzeyində şairin anadan olmasının 114 illiyinə həsr edilən "Xızı diyarının Müşfiq zirvəsi" adlı tədbir keçirilib. Tədbir Xızı rayon Mikayıl Müşfiq muzeyinin, Cəfər Cabbarlının Bakı şəhərindəki ev-muzeyinin kollektivi və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov, Mikayıl Müşfiq muzeyinin direktoru Orxan Əzimov, Cəfər Cabbarlının Bakıdakı ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxanlı, jurnalist Rəsmiyyə Heybətağaqızı Müşfiqin həyatından, yaradıcılığından, lirikasından ətraflı söhbət açıblar. Tədbirdə Tələbə Gənclər Təşkilatının üzvlərinin ifasında Mikayıl Müşfiqin şeirləri, şairin sözlərinə bəstələnən mahnılar səsləndirilib.
Sonda tədbirin təşkil olunmasında iştirak edən fəallar Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb.

Regionlar 2022-06-23 15:55:00