×
A
A
A
Sazlamalar

Ermənistanda narkotik istifadəçilərinin sayı artıb

Tbilisi, 23 iyun, AZƏRTAC
Ermənistanda narkotik istifadəçilərinin sayı artıb. 2022-ci il yanvarın 1-nə olan məlumata görə, ölkədə 7570 narkoman qeydiyyatdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Narkomaniyadan Müalicə üzrə Milli Mərkəzinin direktoru Suren Nazinyan məlumat verib.
Mütəxəssis qeyd edib ki, 2021-ci il yanvarın 1-nə bu rəqəm 7100-ə yaxın olub, yəni bir il ərzində göstərici 500-ə yaxın artıb.
Onun sözlərinə görə, bu yalnız rəsmi statistikadır: “Bunlar ya kömək üçün mütəxəssislərə müraciət edən, ya da polis tərəfindən klinikalara göndərilən vətəndaşlardır”.
Bildirilib ki, qeydiyyatda olan narkomanlardan 4694-ü kannabinoidlərdən (sintetiklər də daxil olmaqla), 2868-i opioidlərdən, 8-i isə kokaindən istifadə edib.
Narkomanların 70 faizini 30 yaşdan 50 yaşa qədər olan vətəndaşlar təşkil edir. Bununla belə, son vaxtlar azyaşlılar və 18-30 yaş qrupu arasında narkomanların sayı artıb.
Eyni zamanda, mütəxəssisin qeyd etdiyi kimi, narkomanların böyük əksəriyyəti kişilərdir.
Ölkədə qeydiyyatda olan narkomanların cəmi 170-i qadındır.
Səhiyyə nazirliyinin tibbi psixologiya və psixiatriya üzrə müşaviri Qevorq Paşikyan isə qeyd edib ki, yeni dərmanlardan istifadə hallarını aşkar etmək daha çətindir. Onlar daha ucuzdur və onları əldə etmək daha asandır. Bu cür dərmanlar, əsasən sosial şəbəkələr vasitəsilə satılır. Bu səbəbdən ölkədə narkomanların sayı artıb və artıq onların sayı 10 minlərlədir.
O qeyd edib ki, risk qrupuna, ilk növbədə, azyaşlılar və gənclər daxildir, çünki onlar sosial şəbəkələrdə çox vaxt keçirirlər.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2022-06-23 15:41:00