×
A
A
A
Sazlamalar

Azərbaycan və Özbəkistan prezidentlərinin hədəfi səmimi dostluğu dərin strateji tərəfdaşlığa və hərtərəfli əməkdaşlığa çevirməkdir

Bakı, 23 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistan Respublikasına etdiyi dövlət səfəri iki ölkə arasındakı münasibətlərin dostluq və həmrəyliyə söykəndiyini, əlaqələrin yüksək səviyyədə olduğunu göstərdi. Eyni zamanda, Azərbaycan və Özbəkistan prezidentlərinin verdiyi bəyanatlar, geniş tərkibli nümayəndə heyətlərinin keçirdiyi görüşlər və səfər çərçivəsində baş tutan tədbirlər və çıxışlar hər iki ölkə rəhbərliyinin münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəltmək əzmində olduğunu nümayiş etdirdi.
İkitərəfli platformalarla yanaşı, Azərbaycan və Özbəkistan keçmiş SSRİ respublikaları olaraq münasibətlərini həm postsovet məkanında MDB çərçivəsində, həm də türkdilli ölkələr kimi Türk Dövlətləri Təşkilatı vasitəsilə inkişaf etdirirlər. Bundan əlavə, BMT, ATƏT, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlarda yaxından əməkdaşlıq edirlər.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
O qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında dostluq münasibətləri hələ sovet dövründən inkişaf etməyə başlayıb və müstəqillik illərində də əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edib. 1970-ci illərdə o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaxşı dostluq münasibətləri yaranıb. Eləcə də, 1990-cı illərdən etibarən müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevlə Özbəkistanın dövlət başçısı İslam Kərimov arasında qarşılıqlı etimad və səmimi münasibətlər qurulmuşdu. Hazırda da həmin dostluq münasibətləri Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən davam və inkişaf etdirilir. Bu dostluğun bir əlaməti olaraq, dövlət başçıları Özbəkistanın paytaxtı Daşkənd şəhərinin Mirabad rayonunda Ulu Öndərin adını daşıyan küçədə Heydər Əliyev Meydanının açılışında iştirak etdilər. Mirabad rayonu azərbaycanlıların kompakt yaşadığı ərazidir.
Adil Əliyevin sözlərinə görə, ölkə rəhbərləri arasında onilliklər ərzində qurulmuş qarşılıqlı etimad və dostluq Azərbaycan və özbək xalqları arasındakı səmimi münasibətlərin rəmzidir. Təsadüfi deyildir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışında vurğulayıb: “İqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir. Düşünürəm ki, bizləri birləşdirən möhkəm vasitə mədəniyyətdir”. Çünki Azərbaycan və Özbəkistan türkdilli ölkələrdir və xalqlarımız dərin mədəni və mənəvi köklərlə bir-birlərinə bağlıdırlar.
“Prezident İlham Əliyev paytaxt Daşkənddən əlavə, qədim Ürgənc və Xivə şəhərlərində də olub. Onun dövlət səfəri çərçivəsində Özbəkistanın qədim şəhərlərini və tarixi-mədəni abidələrini ziyarət etməsi məhz xalqlarımız arasındakı mədəniyyət yaxınlığının bir təzahürüdür. Bu səfərlər zamanı dövlətimizin başçısı İlham Əliyevi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev şəxsən müşayiət edib. Səfər zamanı Azərbaycan və Özbəkistan arasında məşğulluq və əmək münasibətləri, nəqliyyat, kənd təsərrüfatı, sənaye, miqrasiya, hərbi əməkdaşlıq kimi sahələrdə saziş və sənədlər imzalanıb. Bu sənədlərin imzalanması və dövlət başçılarının bəyanatları göstərir ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sahəsində hədəflər böyükdür və qarşıdan gələn illərdə bu istiqamətdə ciddi iş aparılması gözlənilir. İmzalanmış bu sənədlər arasında ən mühüm və strateji xarakter daşıyanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”dir. Çünki Bəyannamə ölkələrimizin gələcək müştərək fəaliyyətinin yol xəritəsi kimi çıxış edir və hər iki dövlətin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin qarşılıqlı surətdə dəstəklənməsini nəzərdə tutur. Eyni zamanda, Bəyannamədə müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı konkret hədəflər və məsələlər öz əksini tapıb”, - deyə Adil Əliyev bildirib.
Özbəkistanın Azərbaycana qarşı səmimi dostluq və qardaşlıq jestini qeyd edən Milli Məclis sədrinin müavini vurğulayıb ki, Özbəkistan hökuməti işğaldan azad edilmiş Füzuli rayonunda hədiyyə olaraq orta məktəb inşa etdirir. Tikinti işləri artıq gedir və məktəbin növbəti tədris ilində istifadəyə verilməsi planlaşdırılır.

Siyasət 2022-06-23 13:54:00