×
A
A
A
Sazlamalar

Qubada uşaq hüquqları ilə bağlı təlimə 60 istedadlı uşaq cəlb olunub VİDEO

Quba, 23 iyun, Elxan Yusifli, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqdan uşağa” layihəsi çərçivəsində uşaq hüquqlarının müdafiəsi ilə bağlı Qubada təşkil olunan təlimə 60 uşaq cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Uşaq Səfirlər Məclisinin üzvləri, Quba, Xaçmaz, Qusar rayonlarını təmsil edən istedadlı uşaqlar, şəhid və qazi övladları, eləcə də Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun fəalları iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova bildirib ki, tədbir uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək, təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə təşkil olunub.
Tədbirdə komitə yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin “cac.info.az” adlı veb-saytının təqdimat mərasimi də keçirilib.
İştirakçıların diqqətinə çatdırılıb ki, veb-saytda uşaq hüquqları istiqamətində qanunvericilik, Azərbaycan Uşaqlarının Ümumrespublika forumları, layihələr və uşaq hüquqları sahəsində maarifləndirici məlumatlar yer alır.
Habelə saytda xüsusi istedadı ilə seçilən, respublika, eləcə də beynəlxalq səviyyəli müsabiqələrdə yüksək nailiyyətlər əldə etmiş uşaqların cəmiyyətdə tanıdılması məqsədilə onlar haqqında ətraflı məlumatı əks etdirən “İstedadlı uşaqlar” adlı bölmə mövcuddur. Digər keçidlərdə Məclisin əsasnaməsi, üzvləri, departamentləri haqqında məlumat qeyd olunub. Keçirilən tədbirlər, görüşlər zamanı çəkilmiş şəkillər və videolar da saytda yerləşdirilib.
Tədbirdə iştirakçılara müxtəlif mövzularda maarifləndirmə materialları təqdim olunub.

Regionlar 2022-06-23 13:49:00

Video