×
A
A
A
Sazlamalar

Azərbaycan Sahibkarlar Konfederasiyasında Özbəkistan nümayəndələri ilə iqtisadi əlaqələr müzakirə olunub

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Özbəkistanın Ticarət və Sənaye Palatasının sədr müavini Farhodjon Toşpulatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ASK-dan AZƏRTAC-a bildirilib ki, konfederasiyanın prezidenti M.Musayev eyni vaxtda həm Özbəkistan, həm də Azərbaycanda biznes forumların keçirilməsinin iki qardaş ölkə arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcəyini vurğulayıb.
F.Toşpulatov Özbəkistan sahibkarlarının salamını çatdırıb və 20-dən çox sahibkarın iştirak etdiyi Bakı Biznes Forumunun məhsuldar keçdiyini bildirib.
Onun sözlərinə görə, iyunun 20-də özbəkistanlı sahibkarlar İqtisadi Zonaların İnkişafı Agentliyində sənaye parkları haqqında ətraflı məlumat əldə ediblər və Sumqayıt sənaye parkındakı müəssisələrlə tanış olublar.
Nümayəndə heyəti həmin gün “Azərsun Holdinq”də də görüş keçirib və qarşılıqlı maraq doğuran sahələr üzrə konkret danışıqlar aparılıb. KOBİA-da görüşdə isə Özbəkistan tərəfi Azərbaycanın kiçik və orta biznesin inkişafı sahəsində təcrübəsi ilə maraqlanıblar.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bundan sonra da Özbəkistan Ticarət və Sənaye Palatası ilə əməkdaşlığın dərinləşdirilməsinə çalışacaqlarını bildirib.

İqtisadiyyat 2022-06-23 13:39:00