×
A
A
A
Sazlamalar

Bakıda “Qarabağ gecəsi” adlı xeyriyyə konserti təşkil olunacaq

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 26-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, eləcə də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun müşahidə şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbər və baş dirijoru, Xalq artistləri Fəxrəddin Kərimov, Samir Cəfərov, Əməkdar artistlər Aygün Zeynalova, Aygün Bəylər, Arzu Əliyeva, Ceyla Seyidova, “Muğam” televiziya müsabiqəsinin qalibləri Günay İmamverdiyeva, Babək Şuşalı və ifaçı Cəlal Kərimov çıxış edəcəklər.
Bədii hissədən dərhal sonra filarmoniyanın yay zalında rəsmi ziyafət baş tutacaq.
Qeyd edək ki, konsert və rəsmi ziyafət üçün biletləri Qarabağ Dirçəliş Fonduna müraciət edərək, eyni zamanda, “iTicket.az” saytından və satış məntəqələrindən əldə etmək mümkündür. (Bilet əldə etmək üçün linkə keçid et: https://iticket.az/events/concerts/karabakh-night-charity-concert). Konsertdən əldə olunan vəsaitlər işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi, həmçinin burada ekoloji tarazlığın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərə yönəldiləcək.
Qarabağ Dirçəliş Fondu hər kəsi işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək olmaq kimi mühüm bir missiyaya xidmət edəcək konsertə bilet əldə etməyə dəvət edir. Hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir.

Mədəniyyət 2022-06-23 12:41:00