×
A
A
A
Sazlamalar

Avropa çempionatının gümüş medalçısı, şəhid övladı: Mənə güc verən atamın arzularıdır

Beyləqan, 23 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsi şəhidi Hüseyn Qasımovun övladı Ağa Qasımov sərbəst güləş üzrə 17 yaşlılar arasında keçirilən Avropa çempionatında ikinci yerə layiq görülərək, Vətənə gümüş medalla dönüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qasımov Ağa Hüseyn oğlu 2006-cı il noyabrın 8-də Beyləqanda dünyaya göz açıb, ailənin tək övladı olub. Hərbçi atasının ən böyük arzusu övladının idmançı olması idi və bu məqsədlə Ağa 6 yaşından güləş idman növü üzrə məşqlərə başlayıb. 14 yaşına qədər Beyləqanda güləş məktəbinin üzvü olub, bir çox turnirlərdə qalib gəlib, diplom və kuboklar qazanıb.
Ağa atası şəhid olduqdan sonra onun arzularını gerçəkləşdirmək üçün qarşısına məqsəd qoyub və Bakı şəhərində Neftçi idman klubunda məşqlərinə davam edib. 17 və 20 yaşlı idmançılar arasında keçirilən ölkə çempionatında ikinci yeri tutub. Daha sonra İranda keçirilən yarışda birinci, Türkiyədəki yarışda isə üçüncü yerin sahibi olub. Azərbaycan-Bolqarıstan dostluq yarışında isə birinci yerə layiq görülüb.
Ağa Qasımov Buxarest şəhərində keçirilən Avropa çempionatında da fərqlənib. 60 kiloqram çəkidə gücünü sınayan Ağa 5 rəqiblə qarşılaşıb, onlardan dördünü məğlub edib. Finalda isə Türkiyədən olan güləşçiyə uduzub. Beləliklə, Ağa Qasımov Vətənə Avropa çempionatının gümüş medalçısı kimi dönüb.
Hazırda məşqlərə davam edən Ağa dünya çempionatına hazırlaşır və deyir ki, “məni bu həyatda yaşadan, güc verən şəhid atamın arzularıdır”.
Şəhidin həyat yoldaşı Quba Qasımova ilə söhbət zamanı bildirdi ki, hələ illər öncə Hüseyn iki bayraq alaraq birini övladına hədiyyə edib və ona “bu bayrağı qalib olduğun yarışlarda dalğalandıracaqsan” deyib. Özündə saxladığı bayrağı isə “bu bayrağı da mən şəhid olanda tabutuma bükərsiniz” deyə söyləyib.
Qeyd edək ki, Ağa Qasımovun atası şəhid Hüseyn Qasımov Cəbrayıl uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. "Vətən uğrunda", "Cəsur döyüşçü", "Hərbi xidmətlərə görə", "Füzulinin işğaldan azad olunmasına görə" medalları ilə təltif edilib.

Regionlar 2022-06-23 12:03:00