×
A
A
A
Sazlamalar

FHN: Qaradağ rayonunda qamışlıq sahədə baş vermiş yanğın söndürülüb

Bakı, 23 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının açıq ərazidəki qamışlıq sahədə baş verdiyi və güclü külək səbəbindən hər an yaxınlıqdakı kommunikasiya xətlərinə keçmə riskinin mövcud olduğu müəyyənləşdirilib.
Yanğınsöndürənlər tərəfindən güclü küləyin yaratdığı maneəyə baxmayaraq görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək bilavasitə yaxınlıqda yerləşən kommunikasiya xətlərinə, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri və neft sənayesi obyektlərinə ziyan vurmasına imkan verilməyib. Yanğın nəticəsində təxminən beş hektar sahədə qamışlıq yanıb.

Hadisə 2022-06-23 10:19:00