×
A
A
A
Sazlamalar

Küveyt Əmiri ölkə parlamentini buraxıb

Qahirə, 22 iyun, AZƏRTAC
Küveytin dövlət telekanalında bu ölkənin Əmiri Şeyx Məşal əl-Əhməd əs-Sabah çərşənbə günü Küveyt parlamentinin buraxıldığını və konstitusiya qaydalarına uyğun olaraq ümumi seçkilər keçiriləcəyini bildirib.
AZƏRTAC rəsmi KUNA agentliyinə istinadla xəbər verir ki, vəliəhd şahzadə Küveyt Milli Assambleyası ilə icra hakimiyyəti arasında fikir ayrılığının da aradan qaldırılmasını ölkənin inkişafı naminə mühüm amil adlandırıb. Bəzi məmurları da tənqid edən Şeyx Məşal qeyd edib ki, parlamentlə hökumət arasında nifaq Küveytdə milli həmrəyliyə zərər verir. O əlavə edib ki, Milli Assambleyanın buraxılması və seçkilərin təyin edilməsi ilə bağlı fərman hüquqi tənzimləmələr yekunlaşdıqdan sonra yaxın bir neçə ay ərzində veriləcək. “Biz xalqın öz nümayəndələrini seçməsinə müdaxilə etməyəcək, növbəti Milli Assambleyanın işinə və ya onun spikeri, müxtəlif komitələrin seçilməsi ilə bağlı məsələlərə qarışmayacağıq. Bununla belə, vətəndaşları ölkənin mənafeyini məzhəb və tayfa mənsubiyyətindən üstün tutmağa çağırırıq”, - deyə vəliəhd şahzadə vurğulayıb.

Dünya 2022-06-22 20:14:00