×
A
A
A
Sazlamalar

Asif Sayadov: Vinq Çun sadəcə döyüş sənəti deyil, həm də sağlam həyat tərzidir

Bakı, 22 iyun, Həsrət Mahmudova, AZƏRTAC

Yaranışı 350 illik bir tarixə söykənən Vinq Çun döyüş sənəti dünyanın əksər ölkələrində sürətlə inkişaf edir. Hazırda dünyanın elə bir ölkəsi yoxdur ki, orada Vinq Çun tədris olunmasın. Bu döyüş sənəti ölkəmizə ilk dəfə 2008-ci ildə rəsmi olaraq Vinq Çun ustası Asif Sayadov tərəfindən gətirilib. Hazırda Vinq Çun ölkəmizdə sürətlə yayılır və sevilir.
AZƏRTAC Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti, Əməkdar məşqçi Asif Sayadovla müsahibəni təqdim edir.
- Ölkəmizdə Vinq Çun idman növünün perspektivlərini necə dəyərləndirirsiniz?
- Vinq Çun bir çox döyüş növlərini özündə cəmləyən və ekstremal vəziyyətlərdə özünümüdafiə üçün ən praktiki döyüş sənətlərindən biridir və özü-özlüyündə böyük bir məktəbdir. Dərin fəlsəfəyə malik olan Vinq Çun özündə bir çox prinsipləri və özəllikləri birləşdirir. Vinq Çun yaş və cins tanımır. Ona görə də dünyada bu idman növünə maraq çoxdur. Klublarımızda istənilən yaşda xanımların və bəylərin məşğul olduğunu görə bilərsiniz. Çünki Vinq Çun sadəcə döyüş sənəti deyil, həm də sağlam həyat tərzidir. Azərbaycan Vinq Çun Federasiyası olaraq, ölkəmizdə idmanın bu növünün inkişaf etdirilməsini qarşıya əsas məqsəd qoymuşuq.
Vinq Çun Döyüş Sənəti Federasiyası olaraq bizim fəaliyyətimiz və təlim-tədris metodikamız, digər idman federasiyalardan tamamilə fərqlənir. Çünki dərin fəlsəfəsi olan Vinq Çun döyüş sənəti sadəcə yarışlar üçün nəzərdə tutulmuş bir sənət deyil, həm də sosialyönümlü fəaliyyət göstərən federasiyadır. Bu səbəbdən də bizim federasiyada yaşından və cinsindən asılı olmayaraq, istənilən kateqoriyalara aid insanları görə bilərsiniz.
Bizim təlim proqramımıza aiddir: yarışlar üçün proqram, ekstremal vəziyyətlərdə özünümüdafiə təlimləri, güc strukturları üçün nəzərdə tutulan təlimlər, xanımlar üçün, şiddət və zorakılığa qarşı özünü müdafiə təlimləri, bir sıra xəstəliklərin (parkinson, altsheymer) müalicəsi üçün təlim, əqli və fiziki qüsurlu uşaqlar üçün təlim proqramı, psixoloji problemləri olan uşaq, yeniyetmə və gənclər üçün psixoloji təlimlər.
- İdmanın bu növünün kütləviləşməsi istiqamətində hansı işlər görülür?
- Paytaxtda 20-dən çox Vinq Çun klubları fəaliyyət göstərir. Artıq regionlarda klubların açılması prosesləri aparılır və bəzi rayonlarda filiallar fəaliyyət göstərir. Bu döyüş növünün kütləviləşməsi istiqamətində Bakıda və regionlarda mütəmadi görüşlər təşkil olunur, mütəxəssislər üçün təlimlər, müxtəlif turnirlər və seminarlar keçirilir. Əsas hədəf gənclərimizi həm sağlam həyat tərzinə cəlb etmək, pis vərdişlərdən uzaqlaşdırmaq, onlarda özgüvənin artmasını formalaşdırmaq və həm də irimiqyaslı turnirlərdə iştirak edib, mükafatçılar sırasında yer almaqdır.
- Qarşıdakı planlarınız barədə nə deyə bilərsiniz?
- Bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutmuşuq. İyunun 25-26-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Vinq Çun Federasiyasının birgə təşkilatçılığı ilə Qax rayonunda şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Zəfər kuboku” respublika turniri keçiriləcək. Hazırda bu yarışın yüksək səviyyədə təşkilinə çalışırıq. 250-dən çox iştirakçı bu yarışda mübarizə aparacaq. Bakıdan, eləcə də regionlardan idmançılar qatılacaq. Həmçinin açıq havada respublika seminarı təşkil olunacaq və burada, hətta federasiyaya üzv olmayan istənilən şəxs də qatıla biləcək. Məqsədimiz insanları maarifləndirmək, bu döyüş sənətinin özəlliklərini təbliğ etməkdir.
Sentyabrda Portuqaliyada beynəlxalq seminar keçiriləcək və biz də ölkəmizi həmin seminarda təmsil edəcəyik. Oktyabrda Honkonqda planlaşdırılan dünya çempionatımız var. Noyabrda isə Bakıda Açıq Avropa Çempionatının keçirilməsini nəzərdə tutmuşuq. Hazırda bu yarışla bağlı görüşlər və müzakirələr aparılır. Planda olan bir sıra tədbirlər də var ki, tarixi dəqiq deyil deyə, məlumat verə bilmirəm.
- Bölgələrdə idmanın bu növünün inkişaf etdirilməsi istiqamətində hansı addımlar atılır?
- Hazırda Vinq Çun Döyüş Sənəti Federasiyasının klub və filialları ən çox paytaxtda fəaliyyət göstərir. Lakin Azərbaycan Vinq Çun Federasiyası olaraq qarşıya qoyulan məqsəd, ölkəmizin hər bir rayonunda klublarımızın açılması, bu döyüş sənətini regionlarda inkişaf etdirməkdir. Biz ölkəmizdə fəaliyyət göstərən ən yeni idman federasiyaları sırasındayıq və buna görə bir mütəxəssisin məşqçi-müəllim səviyyəsinə çatması və təlim keçməsi üçün 4-5 il lazım olur. Bu səbəbdən də regionlarda kifayət qədər klublar açmaq iqtidarında deyilik. Lakin hazırda bir sıra rayonlarda mütəxəssislərin təkmilləşmə kursları aparılır. Artıq 6 rayonda filiallar fəaliyyətə başlayıb. Sentyabrdan etibarən daha 8 rayonda klubların açılması planlaşdırılıb.

İdman 2022-06-22 19:10:00