×
A
A
A
Sazlamalar

Həkim-narkoloq: Psixoaktiv maddələrdən istifadə edənlər müəyyən müddətdən sonra tükənirlər

Bakı, 22 iyun, AZƏRTAC

Psixoaktiv maddələrdən asılılıq cəmiyyəti narahat edən problemlərdən biridir. Həmin maddələrdən asılılıq çox tez formalaşır. Bununla yanaşı, müalicə çətinləşir və psixozlar qeydə alınır. Təəssüf ki, gənclərimiz son dönəmlər psixostimulyatorlardan “patı” adlandırılan metamfetamindən daha çox istifadə edirlər. Səbəbini soruşduqda yorğun və halsız hiss etdiklərini və dostunun, tanışının məsləhəti ilə həmin maddəni qəbul etdiklərini deyirlər. Həmin maddələr ilk başlarda aldadıcı olaraq aktivliyi artırır. Lakin müəyyən müddətdən sonra isə həmin maddələri qəbul edən şəxslər həm fiziki, həm də psixoloji olaraq tükənir, əvvəlki effekti almaq üçün nisbətən dozanı artırır və asılı şəxs kimi qəbul etməyə başlayırlar. İlk vaxtlar düşünürlər ki, bunu nəzarətdə saxlaya biləcəklər. Lakin bu, ən böyük səhvdir.
AZƏRTAC xəbər verir ki, bunu həkim-narkoloq Aytən Nadirli deyib.
Həkim-narkoloqun sözlərinə görə, sintetik narkotiklər qrupuna daxil olan metamfetamin psixosimulyatordur. Laboratoriya şəraitində hazırlanan həmin maddədən istifadə təşviş-həyəcan, obsessiv kompulsiv pozuntular, depressiv hallara gətirib çıxarır. İstifadəçilər arasında başqa infeksiyalara yoluxma riski də yüksək olur ki, bu da ölüm halları ilə nəticələnir.
“Bəzən narkotik vasitə istifadəçiləri yanlış olaraq düşünürlər ki, əgər hər hansı bir narkotik vasitəni venadaxili qəbul etmirlərsə, asılı deyillər. Lakin bu, belə deyil. Bütün narkotik vasitələr, istər venadaxili, istərsə də tənəffüs yolları ilə qəbul etdikdə onların deseptorlara bağlanma şəkli eynidir və eyni səviyyədə asılılıq yaradır. Asılılıq diaqnozunun qoyulması üçün müxtəlif kriteriyalar var: Əgər şəxs bir il ərzində eyni və ya müxtəlif narkotik vasitələrdən istifadə edirsə və getdikcə həmin vasitələrin miqdar və dozasını artırırsa; onu istifadə etmədiyi vaxtlarda “yoxsulluq” adlandırılan hallar olursa; narkotik vasitələrdən istifadə həmin şəxslərin ailə, iş həyatlarında, sosial çevrələrində müəyyən fəsadlar yaradırsa – qeyd olunan kriteriyalardan ən azı ikisi varsa, asılılıq diaqnozu qoyulur. Narkotik vasitələrin istifadəsi həmin şəxsin iş və ailə həyatında problemlər yaradırsa və o, daha çox vaxtını həmin vasitənin təsiri altında keçirirsə, mütləq müalicəyə üz tutmalıdır.
Azərbaycan Respublikasının Qanununa əsasən narkoloji xəstələrin müalicəsi könüllüdür. Şəxs könüllü olaraq müalicə üçün müraciət etməlidir. Bəzən isə ailənin təkidi ilə məcbur olaraq müalicəyə başlayır. Burada əsas məqam müraciət edənlərin hamısında sağalmaları üçün eyni motivasiyanı yaratmaqdır. Ümumiyyətlə, narkoloji xəstələrin müalicəsində psixiatrların, narkoloqların, klinik psixoloqların və tibb bacılarının birgə əməkdaşlığı çox önəmlidir. İlk öncə fiziki asılılıq, yəni bədəndə ağrıların, iştaha pozulmalarının və digər problemlərin aradan qaldırılması aparılır. Müalicə xəstəyə görə dəyişir. Daha ağır xəstələrin xəstəxanaya yataraq müalicə alması məsləhət görülür. Növbəti dönəm isə ən çətin mərhələ olan psixi asılılıqdır. Həmin mərhələdə xəstələrdə yüksək dərəcədə özünə inam yaranır. Onlarda “artıq mən təmizəm”, “heç bir maddədən istifadə etmirəm”, “asılı deyiləm” kimi fikirlər formalaşır . Növbəti ay “tələ ayı” adlandırılır . Bu zaman həmin şəxs yenidən narkotik vasitələrdən istifadə edə bilər. Şəxs müalicə aldıqdan altı ay sonra narkotik vasitə istifadə etmirsə, əvvəlki şəxsiyyətinə qovuşur. Növbəti altı ayda da müalicə düzgün aparılarsa, yenidən narkotik vasitələrdən istifadə halı az olur. Həmin şəxslərin yenidən eyni bataqlığa qayıtmamaları üçün daim nəzarətdə olmaları vacibdir. Hər kəs bilməlidir ki, narkotik vasitələrdən asılılıq sağalan, lakin düzəlməyən bir problemdir”, - deyə A.Nadirli qeyd edib.

Səhiyyə 2022-06-22 18:54:00