×
A
A
A
Sazlamalar

Ombudsman ayrı-seçkiliklə mübarizəyə dair təlimin iştirakçılarına sertifikatlar təqdim edib

Bakı, 22 iyun, AZƏRTAC

Avropa İttifaqının dəstəyi ilə Avropa Şurası tərəfindən həyata keçirilən “Şərq Tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” regional layihəsi çərçivəsində növbəti təlim təşkil edilib.
AZƏRTAC xəbər verir ki, təlimdə Ombudsman Aparatının bir qrup əməkdaşı və ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Azərbaycanda Ombudsman Aparatı əməkdaşları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin ayrı-seçkiliklə mübarizə və bərabərliyin təşviq edilməsi sahəsində bilik və bacarıqlarının artırılması, həmçinin peşəkar təlimçilərin hazırlanması məqsədilə keçirilən təlim iyunun 19-21-ni əhatə edib.
Ombudsman Səbinə Əliyeva təlimin son günündə tədbirə qatılaraq məruzə ilə çıxış edib.
S.Əliyeva Ombudsman Aparatı ilə Avropa Şurası arasında bu layihə çərçivəsində əməkdaşlığın daha da gücləndirildiyini, Aparatın əməkdaşları üçün bir sıra təlimlər keçirildiyini qeyd edib. O, ayrı-seçkiliyin qarşısının alınması sahəsində ölkəmizin qoşulduğu beynəlxalq müqavilələr, milli qanunvericilikdə bərabərlik hüququnun təsbiti, bu il 20 illiyi qeyd olunan Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib.
Yekunda ombudsman təlim iştirakçılarına sertifikatlar təqdim edib.

Cəmiyyət 2022-06-22 18:01:00