×
A
A
A
Sazlamalar

26 iyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xəzər rayonunda tədbir keçirilib

Bakı, 22 iyun, AZƏRTAC
26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Xəzər Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Xəzər Gənclər Evində maarifləndirmə xarakterli tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun məsul əməkdaşı, gənclər və idman idarəsinin rəisi iştirak ediblər.
Məruzəçilər tərəfindən narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

Cəmiyyət 2022-06-22 17:35:00