×
A
A
A
Sazlamalar

Cənubi Koreya NATO-nun mənzil-qərargahında daimi nümayəndəliyini təsis edəcək

Pekin, 22 iyun, AZƏRTAC

Cənubi Koreya hökuməti Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Brüsseldəki mənzil-qərargahında ölkənin daimi nümayəndəliyinin təsis olunmasına qərar verib.
AZƏRTAC xəbər verir ki, Cənubi Koreya Prezidenti Yun Sok Yolun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kim Sunq-han dövlət başçısının NATO-nun iyunun 29-30-da Madriddə keçiriləcək zirvə görüşündə iştirakına dair Seuldakı mətbuat konfransında bu barədə açıqlama verib. Bildirib ki, Cənubi Koreya Prezidentinin Madrid sammitində iştirakı NATO-nun üzvü və tərəfdaşı olan ölkələrlə təşkilatın dəyərlərinin bölüşülməsinin gücləndirilməsi də daxil olmaqla bir neçə məqsədə çatmağa imkan verəcək.
Müşavir Kim Sunq-han deyib ki, Cənubi Koreya Prezidenti NATO dövlətləri ilə hərtərəfli təhlükəsizlik şəbəkəsinin əsasını qoyacaq, kiberhücum və aerokosmik təhdidlər, iqlim dəyişikliyi kimi fövqəladə təhlükəsizlik təhdidlərinə səmərəli cavab üsullarını öyrənəcək.
“Biz NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüsseldə, Belçikada missiyanı yaradaraq informasiya mübadiləsini genişləndirə, NATO üzvləri və tərəfdaş ölkələri ilə əlaqələrimizi möhkəmləndirə bilərik”, - deyə Cənubi Koreya rəsmisi bildirib.
Bu, həm də Yun Sok Yolun Cənubi Koreya prezidenti vəzifəsində ilk xarici səfəri olacaq.
Kim Sunq-han qeyd edib ki, Cənubi Koreya alyansın üzvü olmayan Yaponiya, Avstraliya və Yeni Zelandiya kimi NATO-nun tərəfdaşı statusunda sammitə dəvət olunub. Sammit çərçivəsində ABŞ və Cənubi Koreya prezidentlərinin Yaponiyanın baş naziri ilə üçtərəfli görüşü də nəzərdə tutulub. Görüş barədə hələ yekun qərar verilməsə də, liderlərin əsas diqqəti Şimali Koreyanın mümkün nüvə silahı sınağı ilə bağlı narahatlıqlara qarşı üçtərəfli təhlükəsizlik əməkdaşlığına yönəldəcəyi gözlənilir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-06-22 16:32:00