×
A
A
A
Sazlamalar

Cənubi Koreyada meymunçiçəyinə ilk yoluxmalar qeydə alınıb

Pekin, 22 iyun, AZƏRTAC
Cənubi Koreyada meymunçiçəyi virusuna ilk iki yoluxma qeydə alınıb.
AZƏRTAC Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinə istinadla xəbər verir ki, xaricdən gələn həmin şəxslərin test nümunələri hazırda yoxlanılır. Onlardan biri olan əcnəbi şəxs meymunçiçəyi xəstəliyinin əlamətləri ilə Busan şəhərindəki xəstəxanaya müraciət edib. Həkimlər onun meymunçiçəyi virusuna yoluxmuş şəxs kimi qeydə alıblar. Digər pasiyent isə Almaniyadan qayıtmazdan iki gün əvvəldən virusa yoluxma əlamətləri müşahidə olunan koreyalıdır. Həmin şəxs Cənubi Koreyaya çatan kimi İnçon hava limanındakı tibb məntəqəsinə yerləşdirilib.
Cənubi Koreyanın səlahiyyətli qurumları meymunçiçəyini dörd pilləli sistem üzrə ikinci dərəcəli yoluxucu xəstəlik kimi təsnifatlandırıb. Hazırda COVID-19, vəba, quşçiçəyi də daxil olmaqla 22 xəstəlik həmin təsnifata daxildir.
Qeyd edək ki, ilk olaraq Afrikada aşkarlanan meymunçiçəyi virusuna 50-yə yaxın ölkədə, o cümlədən Böyük Britaniya, İspaniya, Almaniya, Fransa və ABŞ-da iki mindən çox yoluxma qeydə alınıb. Nigeriyada isə bu virus səbəbindən yeganə ölüm baş verib. Meymunçiçəyi xəstəliyi əsasən təmas və ya cinsi əlaqə yolu ilə, xüsusən də çoxlu partnyorları olan insanlar arasında ötürülür.
Ekspertlərin fikrincə, hazırkı yoluxma dalğasına qədər meymunçiçəyi virusu bir müddət gizli dövr edib. Onlar virusun 2017-ci ildən bu yana gizli yayıldığını istisna etmirlər. Meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar səhiyyə sahəsində Beynəlxalq Fövqəladə Hallar Komitəsi iyunun 23-də təcili iclas keçirəcək.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-06-22 14:48:00