×
A
A
A
Sazlamalar

UEFA Region Kubokunun ilkin mərhələsinin oyunları Bakıda və Şamaxıda start götürəcək

Bakı, 22 iyun, AZƏRTAC

UEFA Region Kubokunun 2022-2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək Region Liqasının 2021-2022-ci illər mövsümünün qalibi “Cəbrayıl” komandası ilkin mərhələnin ikinci qrupunda Belarus təmsilçisi “Kolos” klubu ilə qarşılaşacaq.
İlkin mərhələnin birinci qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparacaq.
Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiyanın komandasına rəqib olacaq.
İyunun 23-29-da keçiriləcək UEFA Region Kubokunun ilkin mərhələ oyunlarının təqviminə görə, birinci qrupda iyunun 23-də “Basiani” - “Tallinna Zapoos” (ASK Arena), iyunun 25-də “Tallinna Zapoos” - “Kaskelen” (ASK Arena), iyunun 27-də “Kaskelen” - “Basiani” (ASK Arena) komandaları üz-üzə gələcək. İkinci qrupda iyunun 24-də “Kolos” - “Cəbrayıl” (Şamaxı şəhər stadionu), iyunun 26-da “Cəbrayıl” - “Kolos” (Şamaxı şəhər stadionu) klubları görüşəcək.
Final matçında isə birinci və ikinci qrupun qalibləri iyunun 29-da Şamaxı şəhər stadionunda qarşılaşacaq.
Qeyd edək ki, bütün oyunlar saat 16:00-da başlayacaq.

 

 

İdman 2022-06-22 13:23:00