×
A
A
A
Sazlamalar

Co Bayden ABŞ-da yanacağa tətbiq edilən vergini dayandırmaq niyyətindədir

Bakı, 21 iyun, AZƏRTAC

ABŞ Prezidenti Co Bayden artan yanacaq qiymətlərinin və inflyasiyanın qarşısını almaq üçün benzinin hər qalonuna (3,8 litr) qoyulan 18,4 sent federal vergini dayandırmaq niyyətindədir.
AZƏRTAC The Wall Street Journal-a istinadla xəbər verir ki, prezident bu məsələni bir neçə aydır müşavirləri ilə müzakirə edir.
Verginin müvəqqəti dayandırılması yanacaq qiymətlərinin artması səbəbindən amerikalıların xərclərini azaltmaq məqsədi daşıyır. Qərar Konqresdə təsdiqlənməlidir, lakin ehtimal var ki, təşəbbüs bir çox konqresmen, o cümlədən demokratlar tərəfindən qəbul edilməyə bilər.
Məlumata görə, iyunun 22-də Co Bayden benzinin qiyməti ilə bağlı açıqlama verməlidir. Lakin Ağ Evdə bu çıxışın təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, mayın sonunda ABŞ-da illik inflyasiya 8,6 faizə qədər artaraq ötən əsrdən indiyədək ən yüksək həddə çatıb.

 

 

Dünya 2022-06-22 13:00:00