×
A
A
A
Sazlamalar

BMT: Sentyabradək Somalidə 350 mindən çox uşaq kəskin qida çatışmazlığından ölə bilər

Madrid, 22 iyun, AZƏRTAC

Qida ehtiyaclarını ödəmək üçün tələb olunan yardım vaxtında çatdırılmasa, Somalidə 350 mindən çox uşaq bu ilin sentyabr ayına qədər kəskin qida çatışmazlığından ölə bilər.
AZƏRTAC xəbər verir ki, bu sözlər BMT-nin Somali üzrə humanitar məsələlər üzrə koordinatoru Adam Abdelmulun verdiyi açıqlamada yer alıb.
Qeyd edilir ki, Somalidə humanitar vəziyyət sürətlə pisləşməyə başlayıb. 5 yaşa qədər 1,5 milyon uşaq kifayət qədər qidalanmır.
BMT-nin məlumatına görə, hazırda əhalinin yarısının, yəni 7,1 milyon somalilinin humanitar yardıma ehtiyacı var, beşinci yağış mövsümündə yağıntı olmasa, bu rəqəm xeyli artacaq. Somalinin təxminən 90 faizini şiddətli quraqlıq bürüyüb.
Somalinin o zamankı Baş naziri Məhəmməd Hüseyn Roble 2021-ci ilin noyabrında fövqəladə vəziyyət elan edib, mart ayında isə Afrika Buynuzu bölgəsində daha da artan quraqlığa cavab olaraq beynəlxalq yardım istəyib, Somali regionda ən çox zərərçəkmiş ölkə olaraq qalır.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2022-06-22 08:42:00