×
A
A
A
Sazlamalar

Milli Paralimpiya Komitəsinin prezidenti İsrailin Azərbaycandakı səfirinə Dənizkənarı bulvarda keçiriləcək festival barədə məlumat verib

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-si Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və İsrailin Azərbaycandakı səfiri Corc Dik arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Komitə prezidenti İlqar Rəhimov ölkəmizdə paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək fəaliyyətlər barədə, eyni zamanda, bu ilin noyabrında keçiriləcək paracüdo idman növü üzrə dünya çempionatına hazırlıq barədə səfirə məlumat verib.
İ.Rəhimov bildirib ki, ötən il Yaponiyanın paytaxtı Tokioda keçirilmiş XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan milli komandası 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 19 medal qazanaraq Oyunları 10-cu pillədə başa vurub. Eyni zamanda, İ.Rəhimov İsrail millisinin də Tokioda əldə etdiyi nəticələri yüksək qiymətləndirərək vurğulayıb ki, İsrail Paralimpiya Komitəsi ilə əlaqələrin genişləndirilməsi hər iki ölkədə paralimpiya hərəkatının inkişafına daha da təkan verəcək.
İlqar Rəhimov ölkəmizdə fiziki məhdudiyyətli şəxslərə xüsusi diqqət göstərildiyini, Prezident İlham Əliyevin tapşırığı ilə müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə mühüm işlər görüldüyünü qeyd edib. Komitə prezidenti ölkəmizdə sürətlə inkişaf edən abilimpiya hərəkatı haqqında səfirə məlumat verib, bu il iyunun 24-25-də Dənizkənarı bulvarda “Bir dünya, bir ailə” şüarı altında “True Colors Festival”ının keçiriləcəyini də vurğulayıb. O bildirib ki, festivalın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin abilitasiya tədbirləri vasitəsi ilə cəmiyyətə inteqrasiyası, insanları bir araya gətirərək əhalinin müxtəlif təbəqələri arasında inklüzivliyin və yaradıcılığın artırılmasıdır.
İsrailin Azərbaycandakı səfiri görüş üçün təşəkkürünü bildirib. O, paralimpiya və abilimpiya hərəkatlarının fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası və özlərini inkişaf etdirməsi üçün prioritet sahələrdən biri olduğunu diqqətə çatdırıb. Eləcə də İsraildə bu sahələrə geniş marağın olduğunu qeyd edib. Həmçinin C.Dik ölkəmizdə keçiriləcək beynəlxalq festival və paracüdo üzrə dünya çempionatına yüksək səviyyədə ev sahibliyi edəcəyindən əminliyini vurğulayıb.
Sonra tərəflər arasında birgə əməkdaşlıq mövzusunda geniş müzakirələr aparılıb.
Görüşdə Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılı və Milli Paralimpiya Komitəsinin idman şöbəsinin aparıcı mütəxəssisi Leyli Yusifli iştirak edib.

İdman 2022-06-20 19:03:00