×
A
A
A
Sazlamalar

Baş məşqçi: Məqsədim Şirvan şəhərində həndbol idman növünü inkişaf etdirməkdir

Bakı, 20 iyun, Həsrət Mahmudova, AZƏRTAC

Həndbol idman növü ilə 1999-cu ildən məşğul oluruq. Həm yeniyetmələr, həm də böyüklər arasında yüksək nailiyyətlərimiz var. İdmançılarım respublika yarışlarında yaxşı nəticələr göstərib və mükafatlandırılıblar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında 16 nömrəli məktəbin fiziki tərbiyə müəllimi, həndbol idman növü üzrə baş məşqçi Əvəzağa Qarayev deyib.
Əməkdar bədən tərbiyəsi və idman xadimi olan Əvəzağa Qarayevin yetirmələri 2005-2006-cı ildə birinci liqada kişilər arasında respublika çempionu adını qazanıb. 2008-2009-cu illərdə yenə də kişilər arasında yeniyetmə və böyük komandalarda yüksək nəticələr əldə edib.

Şirvan şəhərində həndbol idman növünü inkişaf etdirməyi qarşısına məqsəd qoyduğunu bildirən Əvəzağa Qarayev deyib: “Azərbaycan Həndbol Federasiyası bizi topla, forma ilə təmin edib. İstəyirik ki, gələcəkdə qızlardan və oğlanlardan ibarət yığma komanda təşkil edib, Azərbaycan çempionatına qatılaq və yüksək yerlər uğrunda mübarizə aparaq”.

 

İdman 2022-06-20 18:09:00