×
A
A
A
Sazlamalar

Azərbaycan üzgüçüləri dünya çempionatında güclərini sınayacaqlar

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan üzgüçüləri Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah Macarıstanın Budapeşt şəhərində təşkil olunan üzgüçülük üzrə dünya çempionatında çıxışlarına start verirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib.
“İyunun 20-də Ramil Vəlizadə 200 metr batterflyay üsulunda, iyunun 23-də isə Məryəm Şeyxəlizadəxangah 50 metr batterflyay üsulunda yarışlara start verəcəklər. Bu üsulda hər iki idmançının B lisenziyası var. Bu yarışlar öncəsi Azərbaycan üzgüçüləri Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov Macarıstanın Györ şəhərində Macarıstan yığması ilə birgə təlim-məşq toplanışına qatılıblar. Təlim-məşq toplanışı çərçivəsində idmançılarımız Macarıstan yığması ilə yanaşı, Yeniyetmələrin Avropa Olimpiya Festivalına və Rumıniyada keçiriləcək Gənclərin Avropa çempionatına hazırlaşan digər komandalarla birgə gərgin məşqlərlə öz bacarıqlarını artırıblar”, - deyə Məqsəd Rəhimov bildirib.

 

 

İdman 2022-06-20 15:48:00