×
A
A
A
Sazlamalar

Siyana Vasileva: Komandamızın üzvləri yaxşı çıxış etdilər

Bakı, 20 iyun, AZƏRTAC
İsrailin Təl-Əviv şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında qrup hərəkətləri üzrə yığma komandamız çoxnövçülük yarışlarında bürünc medala layiq görülüb.
AZƏRTAC xəbər verir ki, yarışlardan sonra bədii gimnastika üzrə yığma komandamızın məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü Siyana Vasileva yarış barədə fikirlərini bölüşüb.
“Komandamızın üzvləri yaxşı çıxış etdilər. Demək olar ki, yarış boyu heç bir itkiyə yol vermədilər. Sevinirəm ki, idmançılarımız belə güclüdürlər. Bu gün fərdi və qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri çıxışları zamanı 10 dəfə qüsursuz, heç bir aləti yerə salmadan proqramlarını nümayiş etdirdilər. Bu, komandanın yüksək səviyyəli hazırlığının göstəricisidir. Əlbəttə ki, yarışda rəqabət güclü idi. Mən deyərdim ki, gimnastikanın səviyyəsi bütün dünyada gündən-günə artır. Amma biz özümüz öz rəqibimiz olmalıyıq. Öz üzərimizdə nə qədər çox çalışsaq, bir o qədər yaxşı nəticə əldə edə bilərik. Təbii ki, hər bir yarış idmançılarımız üçün böyük təcrübədir. Bu cür mötəbər yarışlarda gimnastlarımız daha çox inkişaf edirlər. Ümid edirəm ki, sabahkı yarışda da idmançılarımız ayrı-ayrı alətlər üzrə uğurlu çıxış nümayiş etdirəcəklər”, - deyə Siyana Vasileva bildirib.

 

İdman 2022-06-20 15:19:00