×
A
A
A
Sazlamalar

AZAL Bakı-Antalya-Bakı istiqaməti üzrə uçuşların sayını artırır

Bakı, 20 iyun, AZƏRTAC

“Azərbaycan Hava Yolları” aviaşirkəti 2022-ci ilin yay mövsümü çərçivəsində Bakı-Antalya-Bakı istiqaməti üzrə uçuşların sayını artırır.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, iyulun 2-dən aviadaşıyıcı bu marşrut üzrə həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günlərində yerinə yetiriləcək əlavə reysləri (J2- 027/028) daxil edir. Əlavə reyslər nəzərə alınmaqla bu istiqamət üzrə uçuşların sayı həftədə 19-dək artacaq. Qeyd edilən marşrut üzrə əlavə reyslərin daxil edilməsi ilə əlaqədar “Azərbaycan Hava Yolları” tərəfindən J2- 125/126 nömrəli reyslərin uçuş və gəliş vaxtlarında dəyişiklik edilib. Bakıdan Antalyaya reyslərin uçuşu saat 14:30-da (bazar ertəsi və cümə günləri) və saat 15:20-də (çərşənbə axşamı, çərşənbə və şənbə günləri), Antalyadan Bakıya reyslərin gəlişi saat 17:25-də (bazar ertəsi), saat 18:20-də (çərşənbə axşamı və çərşənbə günləri), saat 17:30-da (cümə günləri) və saat 18:30-da (şənbə günləri) həyata keçiriləcək. “AZAL”ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.

 

Nəqliyyat 2022-06-20 13:48:00