×
A
A
A
Sazlamalar

Əməkdar artist Afaq Abbasova İtaliyada səhnələşdirilən “Al Mulino” operasında baş rolda çıxış edib

Roma, 18 iyun, AZƏRTAC

Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova dünyada ilk dəfə İtaliyanın Trieste şəhərindəki Cüzeppe Verdi adına Opera Teatrında səhnələşdirilən Ottorino Respiginin “Al Mulino” operasında baş rol “Aniuska” obrazında çıxış edib.
Əməkdar artist A.Abbasova AZƏRTAC-a müsahibəsində uzun müddətdir İtaliyadakı məşqlərdə iştirak etdiyini və ilk dəfə səhnələşdirilən bu tamaşada baş rolu ifa etməkdən çox xoşbəxt olduğunu deyib. Bildirib ki, Cüzeppe Verdi adına Opera Teatrında premyerası olan “Al Mulino” tamaşasının dirijoru Fabrizio Da Ros, rejissoru isə Daniele Piskopodur.
“Mən “Al Mulino” operasında baş rolda “Aniuska” obrazında çıxış etməklə yanaşı, R.Leonkavallonun “Pagliacci” operasında “Nedda” obrazında oynamışam. Opera yeni quruluşda dirijor Valerio Qalli və rejissor Viktor Qarsia Sierranın rəhbərliyi ilə səhnəyə qoyulub. Hər iki tamaşa İtaliya tənqidçilərinin müsbət rəyi və tamaşaçıların alqışlari ilə qarşılanıb. Tamaşalarımız davam edir”, - deyə A.Abbasova bildirib.
Əməkdar artist Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna, eləcə də ona dəstək olan hər kəsə xüsusi təşəkkür edib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Mədəniyyət 2022-06-18 17:35:00