×
A
A
A
Sazlamalar

Azərbaycan film sənayesinin inkişafında Qətərin təcrübəsini öyrənməkdə maraqlıdır

Bakı, 18 iyun, AZƏRTAC

Mədəniyyət naziri Anar Kərimov IX Bakı Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Qətər-Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından, bu sahədə həyata keçirilməsi nəzərdə tutulan layihələrdən söhbət açılıb.
Nazir Anar Kərimov iki ölkə arasında mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın davamlı inkişafını xüsusi vurğulayıb. O, ölkəmizdə yeni yaradılan Azərbaycan Respublikası Kino Agentliyi haqqında qətərli həmkarına məlumat verərək, film sənayesinin inkişafı istiqamətində Qətərin təcrübəsini öyrənməkdə maraqlı olduqlarını bildirib.
Anar Kərimov "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyası haqqında nazirə məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi mədəniyyətin qorunması üçün regionda sülhün vacibliyini diqqətə çatdırmaqdır. Nazir bu kimi təşəbbüslərdə Qətər Dövlətini fəal iştiraka dəvət edib.
Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani görüşə görə nazirə təşəkkürünü bildirib və IX Bakı Qlobal Forumunda iştirakından məmnunluğunu dilə gətirib.
Qətərli nazir iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsin vacibliyini vurğulayaraq, bu istiqamətdə qarşılıqlı fəaliyyət planının hazırlanmasını təklif edib.
Görüşdə Qətərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, həmçinin azərbaycanlı və qətərli şairlərin kitablarının tərcümə və çap olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mədəniyyət 2022-06-18 15:11:00