×
A
A
A
Sazlamalar

YARAT-da Azərbaycan rəssamı Lətafət Məmmədova ilə görüş keçirilib

Bakı, 18 iyun, Məmməd Məmmədli, AZƏRTAC
İyunun 17-də YARAT Müasir İncəsənət Məkanında, UNESCO - Beynəlxalq İncəsənət Assosiasiyası, UNESCO - Beynəlxalq Plastik Sənətlər Assosiasiyası və Türkiyənin Bakırköy Rəssamlar Dərnəyinin üzvü Azərbaycan rəssamı Lətafət Məmmədova ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində rəssamın 30-a yaxın əl işi də nümayiş olunub.
Görüş sual-cavab formatında keçib. Lətafət Məmmədova ilk olaraq sənətə gəldiyi günləri, köhnə Bakını, uşaqlıq illərini xatırlayıb. Bildirib ki, o, rəssamların əhatəsində böyüyüb. Atası ona bir müəllim kimi rəssamlığın bütün sirlərini öyrədib. Bu səbəbdən onun həyatda ən böyük müəllimi atasıdır. İndinin özündə belə emalatxanasında çalışarkən atasının ona öyrətdiyi texnikalardan istifadə edir.
İlk sərgisini xatırlayan rəssam bildirib ki, 1999-cu ildə Milli İncəsənət Muzeyində fərdi sərgisini açmaq istəyini bildirəndə bunun gənc kadr üçün çox çətin bir iş olacağını deyiblər, çünki sərgi rəssam üçün bir imtahandır və yalnız peşəkar rəssamlar bu işin öhdəsindən gələ bilər. Qeyd edib ki, o zamanlar dolğun həyat təcrübəsi yaşamasa da o, bu imtahanı uğurla verə bilmişdir.
Rəssam bildirib ki, sonradan ona Türkiyədən dəvət gəlib. O, ixtisasını artırmaq üçün İstanbula yola düşüb. Türkiyədə onu sevgi ilə qarşılayıblar. Bildirib ki, Azərbaycanda Rəssamlar İttifaqının alternativi kimi Türkiyədə sənətçilər üçün Bakırköy Rəssamlar Dərnəyi fəaliyyət göstərir. O, bu dərnəkdə türk rəssamlıq məktəbi ilə tanış olub, onun incəliklərini öyrənib. Ancaq atasının ona cızdığı xətdən kənara çıxmayıb. İndi rəssam Türkiyədə müəllim kimi çalışır və bir neçə tələbə də yetişdirib.
İşlərində qadın motivlərinin olduqca çox olduğunu deyən rəssam bildirib ki, qadın onun aləmində bir gözəllik simvoludur: “Tarixdə bir çox rəssamlar qadın obrazına müraciət edib, mənim yaratdığım qadınlarda isə bir kübarlıq hiss olunur. Bununla belə mənim müxtəlif mövzularda işlərim var. Ən çox sevdiyim mövzu Bakının Qız qalası və Türkiyənin Aya Sofyasıdır”, - deyə Lətafət Məmmədova vurğulayıb.
“Hər bir rəssamın beynində bir “bilik arxivi” yerləşir. Hansısa kiçik bir detal görəndə onun ətrafında uzun müddət düşünürəm və ideya tam yetişəndən sonra işə başlayıram. Elə rəsmlərim var ki, üzərində uzun müddət işləyirəm. İki günə bitirdiyim işlər də olub. Hər şey ideyanın formalaşmasından asılıdır”, - deyə rəssam bildirib.
Lətafət Məmmədova söyləyib ki, özünü təklikdə daha yaxşı hiss edir. Ancaq pandemiya dövründə qapalı şərait onu depressiyaya salıb. İlk aylarda çalışa bilməsə də sonradan bir neçə əsərlərini pandemiyaya həsr edib. “Rəngləri çox sevirəm. Perfeksionistəm. Çalışqanam. Yaratdığım dünyamı fırça ilə boyayandan sonra özümü xoşbəxt hiss edirəm”, - deyə rəssam əlavə edib.
Qeyd edək ki, sərgi bir gün davam edib. Rəssamın növbəti geniş sərgisi bu ilin sentyabr ayında olacaq.
Lətafət Məmmədova 1973-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini müvəffəqiyyətlə bitirib. Riqa, Vilnüs və digər Baltikyanı şəhərlərin müxtəlif bədii kollektivlərində (1978-80-ci illər) fəaliyyət göstərərək, yaradıcılığına görə çoxsaylı mükafatlara layiq görülüb. Yaradıcılıq fəaliyyəti ilə yanaşı o, 1980-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi kimi daha sonra, İncəsənət bölməsinin rəhbəri vəzifəsində çalışıb.

Mədəniyyət 2022-06-18 11:18:00