×
A
A
A
Sazlamalar

Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğatı layihəsi başa çatıb

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən icra olunan "Rənglənmiş tarix" Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğatı layihəsi uğurla başa çatıb. Qeyd edək ki, layihənin xüsusi məqsədi Şuşa musiqiçilərinin tanıdılmasında gənclərin rolunun artırılmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, layihənin icrası nəticəsində gənc qrafik dizayner Tural Hüseyn tərəfindən Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərovun 25 ədəd ağ-qara fotosu rəqəmsal üsullar ilə rənglənib. İcra müddəti fevral-may aylarını əhatə edən layihə çərçivəsində Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Lənkəran şəhərlərində, Ağdam, Şəki, Şamaxı rayonlarında ümumilikdə 10 fotosərgi təşkil olunub. Sözügedən sərgilərdə Şuşa musiqiçilərinə məxsus sənədli abidələr, o cümlədən fotoların rənglənmiş versiyaları sərgi iştirakçılarına təqdim olunub. Rənglənmiş fotoların elektron versiyalarına əlçatanlığın təmin olunması, gənclərin informasiya müharibəsində fəal iştirakına təşviq edilməsi, Şuşa musiqiçilərinə məxsus foto və məlumatların sosial platformalarda geniş yayılması üçün layihə çərçivəsində 1000 ədəd buklet hazırlanıb və sərgi iştirakçıları arasında paylanıb. Təşkil olunan sərgilərdə 1500 nəfərdən çox təhsil və mədəniyyət müəssisələrinin işçiləri, tələbə və gənclər iştirak edib.
Layihə çərçivəsində rənglənən Şuşa musiqiçilərinə məxsus orijinal fotolar Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxiv İdarəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, o cümlədən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Bülbülün Memorial Muzeyindən əldə olunub. Bundan əlavə, sərgilərin təşkili zamanı Mingəçevir, Gəncə, Ağdam, Şəki rayon və şəhər İcra Hakimiyyətləri, Lənkəran, İsmayıllı Regional Mədəniyyət İdarələri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “ASAN xidmət” Mərkəzi ilə əməkdaşlıq edilib.

Mədəniyyət 2022-06-17 22:42:00