×
A
A
A
Sazlamalar

Azərbaycan-Kanada əlaqələrinin hazırkı durumu, ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 13-17-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Kanadaya səfər edib.
Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı Kanadanın xarici işlər nazirinin parlament üzrə katibi Rob Olifant, bu ölkənin xarici işlər nazirinin müavinləri Marta Morqan və Sandra Makardell, Kanadanın Baş nazirinin xarici məsələlər üzrə müşaviri Den Kostello, ölkənin Xarici Xidmət İnstitutunun rəhbəri Lui Markott, Kanada Parlamentinin hər iki palatasının (Senatın və Nümayəndələr Palatasının) xarici əlaqələr komitələrinin sədrləri Piter Boem və Ali Ehsassi, Nümayəndələr Palatasında mühafizəkarlar partiyasının xarici məsələlər üzrə əlaqələndiricisi Maykl Çanq, Kanada Parlamentində Kanada-Azərbaycan dostluq qrupunun rəhbəri Filip Lourenslə görüşlər keçirilib.
Görüşlərdə Azərbaycan-Kanada əlaqələrinin hazırkı durumu, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası münasibətlərin inkişafına dair məsələlər müzakirə edilib.
Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.
Nazir müavini postmünaqişə dövründə regionda yaranmış yeni siyasi reallıqlar, işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işləri, ölkəmiz tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərin əhəmiyyətinin artdığını diqqətə çatdırıb.
Nümayəndə heyəti, həmçinin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil olunmuş tədbirdə iştirak edib, Kanadada yaşayan soydaşlarımızla bir sıra görüşlər keçirib.

Xarici siyasət 2022-06-17 19:51:00