×
A
A
A
Sazlamalar

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlanıb

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan Bilim Bakı Mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlanıb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Deneyap proqramı” gələcək dövrün ehtiyaclarını nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə 21-ci əsrin bacarıqlarını əldə etməyə imkan verən kompleks və fərqli bir təhsil modelidir.
“Deneyap” texnologiya laboratoriyasında keçirilən təlim proqramı gələcəyin texnologiya istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahədə inkişafını hədəfləyir. Proqram 36 aylıq dövrü əhatə edir, ilk 24 ay layihə əsaslı tədris və son 12 ay komanda dövrü olmaqla, 2 fərqli hissədən ibarətdir.
İyirmi dörd aylıq tədris dövründə iştirakçılara 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçiriləcək. Hər təlim proqramının sonunda iştirakçılar komanda şəklində layihə üzərinə işləyərək onu nümayiş etdirəcəklər. On iki ay komanda dövründə isə 24 aylıq tədris müddətini başa vuran şagirdlər, uyğun olduqları sahələr üzrə formalaşdırdıqları komandalarla mütəxəssislərdən mentor dəstəyi alaraq milli və beynəlxalq yarışlarda iştirak edəcəklər.
Qeyd edək ki, proqrama 4, 5, 6 və 7-ci sinif şagirdləri qoşula bilərlər. Şagird seçimi imtahanının hər iki mərhələsindən keçərək ən yüksək bal toplayan şagirdlər proqramda iştirak edəcəklər.
Texnologiyanı inkişaf etdirən gənclərin sırasında olmaq istəyən məktəblilər 2022-ci il iyunun 26-dək “Deneyap” texnologiya laboratoriyasına seçim imtahanı üçün qeydiyyatdan keçə bilərlər.

Texnologiya 2022-06-17 19:16:00