×
A
A
A
Sazlamalar

Azərkosmos “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştiraka dəvət edir

Bakı, 17 iyun, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos Avropa Kosmik Agentliyinin (ESA) “Azo Space” inkubasiya mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlıq “Azo Space” inkubasiya mərkəzinin Yerin müşahidəsi və coğrafi informasiya xidmətlərinə dair həyata keçirdiyi proqramlarda ölkəmizin aktiv iştirak etməsinə imkan verəcək.
Əməkdaşlığın davamı olaraq Azərkosmos kosmik sahədə ixtisaslaşan, o cümlədən bu sahəyə marağı olan şəxsləri “Azo Space” mərkəzinin “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştirak etməyə dəvət edir.
“Copernicus Masters” proqramı Yerin müşahidə olunması haqqında məlumatların istifadəsi və onlar əsasında innovativ müsabiqələrin keçirildiyi platformadır. Bu platforma 2011-ci ildən etibarən hər il müsabiqələr elan edir və Yerin müşahidəsi, o cümlədən iqlim dəyişikliyi sahəsinə dair kreativ həllər və ideyalar üçün yeni imkanlar yaradır. Proqramın ümumi mükafat fondu 500 min avrodan çoxdur və qaliblərə müxtəlif mükafatlar qazanmaq şansı verilir.
“Azo Space” mərkəzinin Yerin müşahidəsi sahəsinin inkişafı üçün həyata keçirdiyi digər bir təşəbbüs “SpaceLeap” proqramıdır. Bu proqram Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycan üçün nəzərdə tutulub. Proqram üzrə seçilən üç qalibin hər birinə 5000 avro dəyərində mükafat təqdim olunacaq. Tərəfdaş ölkələr arasında Azərbaycanın Yerin müşahidəsi və coğrafi informasiya xidmətləri üzrə təcrübəsini, fəaliyyətini nəzərə alaraq sizi bu proqramlarda aktiv iştirak etməyə və Azərbaycanı qalib etməyə səsləyirik.

İKT 2022-06-17 19:40:00