×
A
A
A
Sazlamalar

“Qarabağ şahzadəsi, poeziyamızın incisi Xurşidbanu Natəvan” adlı musiqili kompozisiya təqdim edilib

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində "Şuşa İli" çərçivəsində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş "Qarabağ şahzadəsi, poeziyamızın incisi Xurşidbanu Natəvan" adlı musiqili kompozisiya təqdim edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, musiqili kompozisiyada mədəniyyət mərkəzinin "Oğuzlar" folklor xalq ansamblı "Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm", "Hicran edibdi könlümü bərbad, ağlaram" qəzəl və muğamla çıxış edib.
Azərbaycan bədii fikrinin görkəmli siması, görkəmli şairə, xeyriyyəçi X.Natəvanın (1832-1897) 2022-ci ildə anadan olmasının 190 ili tamam olur. Bu əlamətdar il münasibətilə Prezident İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Qeyd edək ki, Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan ədəbi yaradıcılığını xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırıb və yaşadığı Şuşa şəhərinin abadlığı, eləcə də mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf edib. Humanist təbiətinə və nəcibliyinə görə tanınaraq fədakarlıq, həmçinin mərhəmət mücəssəməsi kimi sevilib. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar şərq poetik ənənələrinə sədaqətlə yazıb-yaradıb. X.Natəvan mənəvi saflığa çağıran və insana məhəbbət, eləcə də həqiqətə inam hissi aşılayan, zərif lirikaya malik, həmçinin parlaq bədii boyalarla zəngin bir irs qoyub gedib.

Mədəniyyət 2022-06-17 19:24:00