×
A
A
A
Sazlamalar

“Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihə üzrə müraciətlərin qəbulu başlayıb

Bakı, 17 iyun, AZƏRTAC

Mədəniyyət Nazirliyi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və UNESCO üzrə Andorra Milli Komissiyası ilə birlikdə “Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihədə iştirak etmək istəyənlər üçün müraciət qəbulu elan edib.
AZƏRTAC xəbər verir ki, “Youth ArtCamp Shusha and Baku” layihəsi xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edilib.
Layihənin əsas məqsədi xarici rəssamların yaratdığı sənət əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESCO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü və mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.
Qeyd edək ki, “Youth ArtCamp Shusha and Baku” layihəsi 2022-ci il avqustun 26-dan sentyabrın 5-dək Şuşa və Bakı şəhərlərində keçiriləcək. Layihədə 18-35 yaş arası rəssamlar iştirak edə bilərlər. Layihəyə müraciət etməkdə maraqlı olan gənc rəssamlar öz ölkələrinin UNESCO üzrə Milli Komissiyaları tərəfindən namizəd göstərilməlidir. Müraciətlərə baxıldıqdan sonra 20 gənc rəssam layihədə iştirak etmək üçün münsiflər heyəti tərəfindən seçiləcək. İştirak ilə bağlı bütün xərclər, o cümlədən aviabilet və mehmanxana xərcləri Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq. Namizədlər müraciət prosesini onlayn qaydada tamamlamalıdır. Layihə haqqında ətraflı məlumat, o cümlədən konseptual sənəd, proqram və ərizə forması ilə müvafiq link vasitəsilə tanış olmaq mümkündür: https://forms.gle/jPQYSRD56ptPfH448
Layihədə iştirak etmək üçün müraciətlər iyunun 30-dək qəbul olunacaq.

Mədəniyyət 2022-06-17 18:51:00