×
A
A
A
Sazlamalar

“İrsin idarə edilməsi bacarıqlarının inkişafı” təlim proqramı davam edir

Bakı, 17 iyun, AZƏRTAC

UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarə edilməsi bacarıqlarının inkişafı” Təlim proqramının üçüncü günü uğurla davam edib.
AZƏRTAC xəbər verir ki, təlim kursunun üçüncü gününün təlimçisi EU4CULTURE layihəsinin yerli məsləhətçisi, mədəni irs üzrə ekspert Günay Rzazadə tərəfindən Konvensiyanın konkret müddəaları üzərindən real nümunələr ilə üzv ölkələr üçün imperativ olan hüquqi inzibati çərçivələr, yerli, milli və beynəlxalq səviyyələr izah edilib. O, həmçinin interaktiv metodlarla mədəni irsin müxtəlifliyinin təbliğinin vacibliyi, yerli icmaların irsin qorunması və inkişafında iştirakçılığı, beynəlxalq əməkdaşlıq və yardım imkanları barədə sessiyada məlumat verib. Eləcə də irs idarəetməsinin ölkə kontekstində SWOT analizi aparılaraq, konkret suallar ətrafında sual-cavab sessiyası keçirilib.
Təlim proqramı Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə 4 əsas mövzuya - “Milli/yerli kimliyi əks etdirən və cəmiyyətin iqtisadi inkişafına töhfə verən yerlər kimi mədəni irsdə ən yaxşı təcrübələr”, “Mədəni irs siyasəti və institutları. Konvensiyadan mövzular və qeydlər”, “Maddi və Qeyri-maddi İrs və Dayanıqlı İnkişaf”, “Mədəni irsin cəmiyyətin sosial-mədəni inkişafında rolu (ən yaxşı təcrübələr, çağırışlar və imkanlar)” həsr olunub.

 

Mədəniyyət 2022-06-17 10:11:00