×
A
A
A
Sazlamalar

Milli Dram Teatrı mövsümün son tamaşalarını təqdim edəcək

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 149-cu teatr mövsümünün son tamaşalarını təqdim edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu gün teatrsevərlər üçün Həsən Həsənovun “Qürbətdən gələn məktublar” tamaşası təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşası iyunun 18-də nümayiş ediləcək. Səhnə əsəri ikihissəli tale dramıdır. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Tamaşaçılar iyunun 19-da “Cəhənnəm sakinləri” tamaşasına baxacaqlar. Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovdur.

 

Mədəniyyət 2022-06-17 09:46:00